Strateji reallığın etirafı: Ukraynadakı 800 minlik ordu kimin olacaq?

Strateji reallığın etirafı: Ukraynadakı 800 minlik ordu kimin olacaq?
Kateqoriya məlum deyil
T

Sülh planı layihəsinə əsasən, müharibədən sonrakı dövrdə Ukraynaya 800 min nəfərlik ordu saxlamağa icazə verilməsi təklif olunur. Sənəddə bu ordunun ölkənin təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edəcəyi vurğulansa da, plan bir sıra sualları da gündəmə gətirib.

 

İllərlə davam edən müharibə fonunda ciddi iqtisadi və sosial çətinliklərlə üzləşən Ukrayna bu qədər böyük ordunu hansı maliyyə və institusional mexanizmlərlə saxlayacaq?


Müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri də həmin ordunun gələcəkdə faktiki olaraq Avropanın ortaq hərbi gücünə çevrilib-çevrilməyəcəyi məsələsidir.

 
Məsələ ilə bağlı politoloq Ülviyyə Zülfiqar Sfera.az-a açıqlama verib.

 

Onun sözlərinə əsasən, sülh planı layihəsində Ukrayna üçün 800 minlik ordu saxlanmasına icazə verilməsi, kağız üzərində hərbi güzəşt kimi görünsə də, əslində strateji reallığın etirafıdır:


“800 minlik ordu Ukraynanın təhlükəsizlik zəmanəti, eyni zamanda gələcək münaqişələrin qarşısını alan çəkindirici mexanizm kimi nəzərdə tutulur. Bu qədər böyük ordunun saxlanması Ukraynanın təkbaşına maliyyə imkanları ilə mümkün görünməyə bilər. Mümkündür ki, kənardan maliyyə dəstəyi üçün müraciət edilə bilər və ya bu əvvəlcədən tərəflər arasında razılaşdırıla bilər. Təlimlər, silah sistemləri, kəşfiyyat inteqrasiyası və komanda strukturları Avropa standartlarına uyğunlaşdırılır. Beləliklə, Ukrayna ordusu hüquqi baxımdan milli qalsa da, əməliyyat baxımından Avropa təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilmək zərurətində görünür. Bu model əslində Avropa dövlətlərinə hüquqi riskləri azaltmağa, Ukraynaya isə kadr və təcrübə üstünlüyü qazandırmağa imkan verər”.

 


Politoloqun fikrincə, burada NATO faktoru xüsusi əhəmiyyət daşıyır:


“Ukrayna NATO üzvü olmasa da, 800 minlik ordu NATO standartlarında hazırlanmış, NATO silahları ilə təchiz edilmiş və NATO doktrinası ilə idarə olunan qüvvə ola bilər. Bu isə alyans üçün formal üzvlük olmadan real hərbi qazanc deməkdir. NATO Ukrayna üzərindən öz şərq cinahını gücləndirə, Ukrayna isə təhlükəsizlik zəmanətini faktiki şəkildə əldə etmiş ola bilər. 800 minlik, yüksək texnologiyalı və Avropa ilə inteqrasiya olunmuş ordu neytrallıqdan çox, uzunmüddətli çəkindirmə strategiyasını ifadə edir. Bu, Rusiyaya açıq şəkildə göstərir ki, gələcəkdə hərbi təzyiq cəhdləri regional deyil, qlobal nəticələr doğura bilər. 800 minlik Ukrayna ordusu həm Ukraynanın suverenliyinin təminatı, həm də Avropanın təhlükəsizliyinin ön xətləri rolunu oynaya bilər. Bu isə yeni təhlükəsizlik modelinin səssiz, amma dərin transformasiyasıdır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ