Ekspertdən xəbərdarlıq: Pasport şəklini telefonda saxlamayın

Mütəxəssislər mühüm sənədlərin, xüsusilə də pasportun şəkillərinin telefonda saxlanılmasının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Sfera.az xəbər verir ki, hüquqşünas Anton Klyuçkonun sözlərinə görə, belə məlumatlar dələduzların əlinə keçərsə, onlar süni intellektdən istifadə edərək saxta şəxsiyyət təsdiqi yarada və zərərçəkənin xəbəri olmadan onun adına onlayn kredit rəsmiləşdirə bilərlər.
Ekspert bildirir ki, telefonun oğurlanması, messencer hesablarının sındırılması və ya bulud yaddaşına icazəsiz giriş nəticəsində pasport şəkilləri üçüncü şəxslərin əlinə keçə bilər. Bu isə maliyyə fırıldaqları riskini artırır.
Belə hallarda zərərçəkən şəxsin adına borclar yarana, kredit tarixçəsi zədələnə bilər. Hüquqşünas tövsiyə edir ki, belə bir vəziyyətlə qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etsin, kredit təşkilatından müqavilənin etibarsız sayılmasını tələb etsin, nəticə əldə olunmadıqda isə məsələni məhkəmə qaydasında həll etsinlər. \\milli.az
