Bağ evinə qayıdanlar başa düşmür: Qaz və su niyə kəsilib?

Bağ evinə qayıdanlar başa düşmür: Qaz və su niyə kəsilib?
Kateqoriya məlum deyil
T

Yay mövsümündə bağ evlərinə üz tutan şəxslər xoşagəlməz sürprizlə qarşılaşırlar. Aylarla istifadə edilməyən evlərinə qayıdan sakinlər qaz və ya su sayğaclarının plomblandığını görür, xidmətin niyə dayandırıldığını isə sonradan öyrənirlər.

Bu, eyni sualı yenidən ortaya çıxarır: abonentin xəbəri olmadan sayğaca plomb vurula bilərmi?

Sfera.az bildirir ki, mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, qaz avadanlıqlarına texniki baxış keçirmək üçün şərait yaradılmadıqda qaz təchizatı dayandırılır:

"Əgər müayinə aparmaq üçün ünvana gəlirik və qapı açılmırsa, texniki baxışı həyata keçirə bilmirik. Bu həmin ünvanda yaşayışın olmadığı ehtimalını yaradır. Təhlükəsizlik baxımından qanunvericiliyin tələblərinə uyğun olaraq qaz təchizatı dayandırılır.

Uzun müddət yaşayış olmayan mənzillərdə də bu tədbir tətbiq edilir. Vətəndaş özü də qazın bağlanması ilə bağlı müraciət edə bilər. Hazırda texniki müayinə prosesi bizim məsuliyyətimizdədir və müayinə mümkün olmadıqda təhlükəsizlik məqsədilə qazın verilişi dayandırılır".

Qurum rəsmisi qeyd edib ki, texniki baxışdan əvvəl abonentlərə SMS bildirişi göndərilir:

"Əgər vətəndaşın təqdim etdiyi mobil nömrə dəyişibsə və bu barədə bizə məlumat verilməyibsə, SMS ona çatmaya bilər. Həmçinin mənzil alqı-satqısından sonra yeni sahibi abonentliyi öz adına keçirməyibsə və əlaqə nömrəsini yeniləməyibsə, belə hallar da baş verə bilər.

Digər bütün hallarda isə abonentlərə əvvəlcədən SMS göndərilir və bildirilir ki, texniki müayinə aparılacaq. Eyni zamanda xəbərdarlıq edilir ki, müayinə üçün şərait yaradılmadığı təqdirdə qaz təchizatı dayandırılacaq".

ADSEA-dan bildirilib ki, uzun müddət istifadə olunmayan bəzi smart su sayğaclarında təhlükəsizlik məqsədilə avtomatik funksionallıq mövcuddur və müəyyən müddət su sərfiyyatı qeydə alınmadıqda klapan bağlanır.

Qurumun açıqlamasında deyilir:

"25 gün ərzində sayğacdan su sərfiyyatı qeydə alınmadıqda klapanlar avtomatik olaraq bağlanır. Bu hal baş verdikdə, abonent növbəti 5 gün ərzində öz abonent kartından istifadə etməklə suyun verilişini müstəqil şəkildə bərpa edə bilər. 30 gün müddəti tamamlandıqdan sonra isə suyun yenidən verilməsi üçün abonent aidiyyəti rayon sukanal idarəsinə müraciət etməlidir. Bu halda servis xidməti əməkdaşları tərəfindən ünvana baxış keçirilərək xüsusi servis kartı vasitəsilə suyun verilişi bərpa olunur".

ADSEA-dan qeyd edilib ki, su sayğacına plomb vurulması ilə bağlı deyilənlər düzgün deyil:

"Sayğaca plomb vurulması deyə bir anlayış yoxdur, sayğacın koda düşməsi anlayışı var ki, smart sayğac koda düşəndə suyun verilməsi kəsilir".

PAYLAŞ