"BYD aldım, ehtiyat hissəsi tapa bilmirəm" - Çin avtomobilləri ilə bağlı ciddi xəbərdarlıq

"BYD aldım, ehtiyat hissəsi tapa bilmirəm" - Çin avtomobilləri ilə bağlı ciddi xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Son illərdə Azərbaycanda elektromobil və hibrid avtomobillərə maraq əhəmiyyətli dərəcədə artsa da, bu nəqliyyat vasitələrinin servis xidməti və ehtiyat hissələri ilə bağlı problemlər sürücülərin narazılığına səbəb olur. Bu çətinliklə üzləşənlər arasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polis polkovniki Vaqif Əsədov da var.

Vaqif Əsədov bildirib ki, yaxın vaxtlarda Çin istehsalı olan BYD markalı avtomobil alıb. Lakin istifadəyə başladıqdan sonra ehtiyat hissələrinin tapılması və servis xidməti ilə bağlı ciddi çətinliklərlə üzləşib.

Sabiq polis rəsmisi ölkədə rəsmi servis xidmətinin olmamasından narazılığını belə ifadə edib:

"Bilmədim səhv etdim, yoxsa düz, amma BYD avtomobili aldım. Lakin indi ölkədə rəsmi servis xidməti olmadığından ehtiyat hissəsi tapa bilmirəm. Özüm də çaşıb qalmışam".

Onun sözləri Azərbaycanda Çin istehsalı elektromobillərin sayının artmasına baxmayaraq, satışdan sonrakı xidmət və ehtiyat hissələri təminatının hələ də əsas problemlərdən biri olduğunu bir daha gündəmə gətirib.

Sfera.az xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev azxeber.com-a açıqlamasında bildirib ki, Çinin daxili bazarı üçün istehsal olunan avtomobillərlə rəsmi dilerlər vasitəsilə Azərbaycana gətirilən eyni markalı modellər arasında həm texniki, həm də ehtiyat hissələri baxımından müəyyən fərqlər mövcuddur.

Onun sözlərinə görə, ölkəyə avtomobillər həm rəsmi distribütorlar və dilerlər, həm də fərdi şəxslər tərəfindən idxal edilir:

"Xüsusilə Çin istehsalı olan avtomobillər, eləcə də Çinin daxili bazarı üçün istehsal edilən Yaponiya markaları ölkəyə gətirilir. Təəssüf ki, bəzi alıcılar qiymətin daha münasib olmasına görə rəsmi dilerlərdən deyil, fərdi şəxslərdən avtomobil almağa üstünlük verirlər. Halbuki rəsmi dilerlər avtomobillərə zəmanət verir və onların ehtiyat hissələri ilə təminatını həyata keçirirlər".

Eyyub Əliyev qeyd edib ki, fərdi şəxslər tərəfindən gətirilən avtomobillərin böyük hissəsi Çin daxili bazarı üçün nəzərdə tutulur. Bu isə sonradan servis və ehtiyat hissələri ilə bağlı problemlər yaradır:

"Belə hallarda avtomobil sahibləri bəzən peşəkar olmayan ustaların əlinə düşür, həmçinin ehtiyat hissələrinin tapılmaması və ya yalnız keyfiyyətsiz, qeyri-orijinal hissələrin mövcudluğu kimi problemlərlə qarşılaşırlar. Bu isə gələcəkdə həm sürücülər, həm sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Təəssüf ki, bir çox insanlar bunu nəzərə almır və təhlükəsizliyi qiymətə qurban verirlər. Əlbəttə, insanların büdcəsinə uyğun avtomobil almaq istəyi başadüşüləndir. Lakin seçim edərkən bu amillər də nəzərə alınmalıdır".

Assosiasiya sədri əlavə edib ki, digər mühüm problem keyfiyyətsiz ehtiyat hissələri və qeyri-peşəkar servis mərkəzləridir.

"Son dövrlərdə ölkəyə gətirilən Çin avtomobillərinin elektron sistemləri kifayət qədər mürəkkəbdir. Bu avtomobillərin qeyri-peşəkar servis mərkəzlərində təmir olunması gələcəkdə yollarda ciddi təhlükələr yarada bilər. Bununla yanaşı, ölkəmizdə istehsalçı zavodların təlimlərində iştirak etmiş və müvafiq sertifikatlar almış peşəkar ustalar da fəaliyyət göstərirlər. Bəzi hallarda istehsalçı şirkətlər Azərbaycana mütəxəssislər göndərərək yerli ustalar üçün xüsusi təlimlər təşkil edirlər.

Belə mütəxəssislər elektrik avtomobillərinin hansı avadanlıq və diaqnostika sistemləri ilə təmir edilməli olduğunu yaxşı bilirlər. Çünki bu avtomobillərə düzgün müdaxilə olunmaması yüksək gərginlik sisteminə zərər vura, yanğın riski yarada və digər ağır fəsadlara səbəb ola bilər".

PAYLAŞ