"Naxçıvan təyyarə reysləri avtobus reysinə dönüb" - Deputat narazılıq etdi

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərdə tez-tez yaşanan gecikmələrdən narazılığını ifadə edib.
Sfera.az xəbər verir ki, deputat bildirib ki, Naxçıvan reyslərində yaranan vəziyyət sərnişinlər üçün ciddi problemlər yaradır.
"Demək olar ki, Naxçıvanda hava reysləri avtobus reysinə dönüb. Bilinmir nə vaxt gələcək, nə vaxt gedəcək. İnsan aeroporta gəlir, ona deyirlər ki, 3 saatdan sonra gəlsin. Bəzən isə aldığı bilet növbəti günə keçirilir", - o vurğulayıb.
S.Novruzov qeyd edib ki, müasir texnologiyalar dövründə sərnişinlərə reyslərin təxirə salınması barədə əvvəlcədən SMS və ya digər elektron vasitələrlə məlumat verilməsi mümkündür. Onun sözlərinə görə, bu, xüsusilə uzaq rayon və kəndlərdən aeroporta gələn vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısını ala bilər.
Deputat gecikmələrin səbəblərinin ictimaiyyətə açıqlanmasının vacibliyini də diqqətə çatdırıb:
"Heç olmasa, səbəb insanlara izah edilsin. İnsanlar bunu başa düşəcəklər. Hələ də blokada şəraitində yaşayan Naxçıvan camaatının heç olmasa bu hüquqları müdafiə olunsun".
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə cavabında bildirib ki, təyyarə reyslərinin gecikməsi yalnız Naxçıvan istiqamətinə xas problem deyil.
O qeyd edib ki, hava şəraiti və digər fövqəladə hallarla əlaqədar reyslərdə gecikmələr baş verə bilər və bu, sərnişinlər üçün müəyyən narahatlıqlar yaratsa da, belə hallar təkcə Naxçıvan reyslərində müşahidə olunmur. Bununla belə, sədr müavini fikirlərin aidiyyatı qurumların diqqətinə çatdırılacağını güman etdiyini deyib.
Firuzə Əliyeva
