Milli Məclis psixiatriya müayinəsi ilə bağlı qanunu dəyişdi

Milli Məclis psixiatriya müayinəsi ilə bağlı qanunu dəyişdi
Kateqoriya məlum deyil
T

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir.

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

"Psixiatriya yardımı haqqında” qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, habelə profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin (qanuni nümayəndəsinin) razılığı (xahişi) ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə aparılır.

İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” qanunda hər hansı müddəa nəzərdə tutulmayıb.

Layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması; habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə edilməsi təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ