Valideynlər bu adları seçməsin – Psixoloji fəsadlara səbəb ola bilər

Valideynlər bu adları seçməsin – Psixoloji fəsadlara səbəb ola bilər
Kateqoriya məlum deyil
T

Azərbaycanda ad seçimi uzun illərdir müzakirə olunan mövzulardan biridir. Bəzən valideynlərin övladlarına verdiyi adlar həmin şəxslərin sonradan narahatlıq keçirməsinə, hətta adlarını dəyişdirmək istəməsinə səbəb olur. Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, vətəndaşların arzusu əsasında Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım və Samovar kimi adlar dəyişdirilib.

Sfera.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev azxeber.com-a açıqlamasında deyib ki, bəzi insanlar ad məsələsinə kifayət qədər önəm vermirlər:

"Ad məsələsi çox ciddi mövzudur. Təəssüf ki, bəzi insanlar buna kifayət qədər önəm vermirlər. Halbuki ad validey tərəfindən övlada verilən ilk və ən dəyərli hədiyyədir. Bu elə bir hədiyyədir ki, insanın bütün ömrü boyu onun inkişafına, şəxsiyyətinin və kimliyinin formalaşmasına təsir göstərir. Adın psixoloji təsir gücü var. Buna görə də valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdırlar. Təsadüfi deyil ki, "adı ilə böyüsün” ifadəsi işlədilir. Bəzi insanlar öz adları ilə eyniləşir, bəziləri isə həyatları boyu adlarının mənasını doğrultmağa çalışırlar. Məhz buna görə də ad seçərkən onun psixoloji təsiri, məzmunu və mənası nəzərə alınmalı, milli adlara üstünlük verilməlidir”.

Sosioloq qeyd edib ki, xəmiyyətimizdə ad seçimi ilə bağlı müəyyən problemlər mövcuddur:

"Cəmiyyətimizdə ad seçimi ilə bağlı müəyyən problemlər mövcuddur. Ərəb işğalına qədər adlar əsasən insanın xüsusiyyətlərinə və ya qazandığı nüfuza görə verilirdi. Bu ənənə dastanlarımızda və tarixi mənbələrdə də öz əksini tapıb. Lakin sonrakı dövrlərdə adlar daha çox ideoloji xarakter daşımağa başladı. Ərəb və fars mənşəli adlar geniş yayıldı. Sovet dövründə isə "İnqilab”, "Traktor”, "Sovet” kimi ideoloji adlar qoyulurdu. Bəzən valideynlər ad məsələsinə məsuliyyətsiz yanaşırdılar. Məsələn, "Samovar”, "Stəkan”, "Səbət” kimi əşya adlarını uşaqlara vermək düzgün yanaşma deyil. Belə adlar uşağın dostları və ya ətrafı tərəfindən lağ obyektinə çevrilməsinə, psixoloji travma almasına səbəb ola bilər. Belə olan halda bəzi insanlar sonradan öz adlarından imtina etməyə məcbur olurlar”.

O vurğulayıb ki, bəzi valideynlər isə uşaqlarına uzun və arxaik adlar seçirlər:

"Bəzi valideynlər isə uşaqlarına nənəsinin, babasının, uzun və arxaik adlar seçirlər. Bu da uşağın gələcəkdə narahatlıq yaşamasına səbəb olur. Ona görə də qısa, ahəngdar, məzmunlu və mənalı adlara üstünlük verilməlidir. Bəzən valideynlər baxdıqları serial və ya filmdəki obrazların adlarını övladlarına qoyurlar. Heç həmin adların mənasını belə bilmirlər.

Çox yaxşı olar ki, milli adlara üstünlük verilsin. Azərbaycan tarixində, mədəniyyətində, elmində, incəsənətində, siyasətində və ictimai həyatında xidmətləri olmuş görkəmli şəxsiyyətlərin adları yaşadılsın. Eləcə də şəhidlərimizin və qazilərimizin adlarını yaşatmaq mühüm əhəmiyyət daşıyır. Valideyn elə bir ad seçməlidir ki, həmin ad uşağın xarakterinin və şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərsin. Mənasız, mahiyyətsiz və yad mənşəli adlardan mümkün qədər çəkinmək lazımdır.

Bu məsələdə valideynlər məsuliyyətli olmalıdırlar. Aidiyyatı qurumlar da bu gün bu məsələyə həssas yanaşır. Ümid edirik ki, gələcəkdə də bu məsuliyyətli yanaşma davam etdiriləcək”.


PAYLAŞ