"İdmançımız meydana mərsiyə sədaları ilə çıxır" - Deputatdan ETİRAZ

"Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması unitar prinsipin qorunması qədər önəmli məsələdir. Son zamanlar xüsusilə bu zəmində cənubdan, qərbdən, azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdəki mühitdən çox mənfi istiqamətlərdə Azərbaycana təsiredici hücumlar olur”.
Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslıq yetərincə deyil:
"Bu yaxınlarda qaydasız döyüş üzrə idman yarışı keçirilirdi, Azərbaycanı təmsil edən idmançı artıq "Uvertüra" və ya "Cəngi" sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Qalib gələndən sonra da Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarları səsləndirir. Biz də hamımız sakitcə bunu müşahidə edirik. Ona görə də biz qanunda məhz bu prinsipləri nəzərə almalıyıq", - deyə millət vəkili qeyd edib.
Xatırladaq ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə qarşılaşıb.
Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, döyüşə mərsiyə sədaları altında çıxıb.
Firuzə Əliyeva
