Açıq havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir

Hava temperaturunun normadan yüksək olması təkcə insanların gündəlik həyatına deyil, açıq havada çalışan işçilərin əmək şəraitinə də birbaşa təsir edir.
Xüsusilə tikinti, yol infrastrukturu, kommunal xidmətlər, kənd təsərrüfatı və digər açıq sahələrdə çalışan şəxslər isti hava şəraitində müxtəlif sağlamlıq riskləri ilə üz-üzə qalırlar.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan terapevt Zakir Quliyev bildirib ki, isti havada qalmaq orqanizm üçün bir sıra problemlər yarada bilər:

"Uzun müddət isti havada qalmaq orqanizmin həddindən artıq qızmasına, maye və duz itkisinə, susuzlaşmaya, yorğunluğa, diqqətin azalmasına, başgicəllənməyə, əzələ qıcolmalarına, ağır hallarda isə günvurma və ya istilik vurmasına səbəb ola bilər. Xüsusilə ürək-damar, şəkərli diabet və tənəffüs sistemi xəstəlikləri olan şəxslər, yaşlılar və ağır fiziki əmək fəaliyyəti ilə məşğul olanlar daha yüksək risk altındadır. Açıq havada ən təhlükəli saatlar adətən günəş şüalarının ən güclü olduğu 11:00-17:00 aralığı hesab olunur. Bu saatlarda mümkün olduqda açıq havada ağır fiziki işlərdən çəkinmək, işləri səhər tezdən və ya axşam saatlarına keçirmək daha məqsədəuyğundur".
Zakir Quliyev qeyd edib ki, istidən və günvurmadan qorunmaq üçün müəyyən təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:
"İstidən və günvurmadan qorunmaq üçün bol su içmək, susuzluğu gözləmədən mütəmadi maye qəbul etmək lazımdır. Bununla yanaşı açıq rəngli, yüngül və nəfəs alan geyimlərdən istifadə etmək, geniş kənarlı papaq və gün eynəyi taxmaq, kölgədə tez-tez fasilələr vermək, yüksək SPF-li günəşdən qoruyucu krem çəkmək, həmçinin alkoqollu, həddindən artıq şəkərli və kofeinli içkilərin qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Günvurma və ya istilik vurması baş verdikdə zərərçəkən dərhal sərin və kölgəli yerə aparılmalı, artıq geyimləri çıxarılmaldır.Daha sonra bədəni sərin su ilə isladılmalı və ya soyuq kompres tətbiq edilməli, huşu aydın olduqda isə kiçik qurtumlarla su verilməlidir. Əgər şəxsin bədən hərarəti çox yüksəkdirsə, qıcolma keçirirsə, huşunu itiribsə və ya vəziyyəti sürətlə pisləşirsə, dərhal təcili tibbi yardım çağırılmalıdır. Çünki istilik vurması həyati təhlükə yaradan təcili tibbi vəziyyətdir".
