15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq

Azərbaycanda doğulan uşaqların sayı cəmi bir il ərzində 10 mindən çox azalıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 min 836, 2026-cı ilin eyni dövründə isə 28 min 631 körpə dünyaya gəlib.
Beləliklə, doğulan uşaqların sayı bir il ərzində 10 min 205 nəfər azalıb.
Qeyd edək ki, son illər Azərbaycanda doğum göstəricilərində azalma tendensiyası davam edir.
Maraqlıdır, bu proses davam edərsə, 15-20 il sonra Azərbaycanın demoqrafik mənzərəsi necə dəyişəcək?
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gənc ailələrdə uşaq sayının azalmasına bir sıra sosial və iqtisadi amillər təsir göstərir:

"Mənzilə çıxış imkanlarının məhdud olması, mənzillərin baha olması və ölkədə gəlirlərin aşağı səviyyədə qalması əsas səbəblərdəndir. Bununla yanaşı, son 10 ildə daha bir ciddi problem sürətlə dərinləşir. Bu da reproduktiv yaşda olan gənclərin ölkədən kütləvi şəkildə köç etməsidir.
Hazırda ölkədə ciddi miqrasiya prosesi müşahidə olunur. Gənclər əsasən Avropa İttifaqı ölkələrinə, Türkiyə, Kanada və ABŞ-yə üz tuturlar.
Onların bir qismi təhsil almaq məqsədilə getsə də, sonradan geri qayıtmır. Bütün bunlar doğum səviyyəsinin azalmasına birbaşa təsir göstərən amillərdir".
Ekspert hesab edir ki, doğum səviyyəsinin artırılması üçün ilk növbədə sosial-iqtisadi problemlərin həlli istiqamətində effektiv addımlar atılmalıdır.
Onun sözlərinə görə, mövcud tendensiya davam edərsə, yaxın 10-15 ildə ölkənin sosial təminat sistemi ciddi çətinliklərlə üzləşə bilər:
"10-15 illik perspektivə baxdıqda görürük ki, həmin dövrdə təqaüdçülərin sayı ilə rəsmi işləyənlərin sayı demək olar ki, bir-birinə yaxınlaşacaq. Bu isə o deməkdir ki, Dövlət Sosial Müdafiə Fonduna daxil olan vəsait azalacaq, pensiyaların maliyyələşdirilməsi dövlət büdcəsinin əsas yük istiqamətlərindən birinə çevriləcək. Bu, kifayət qədər ciddi problemdir".
