Şuşadakı beynəlxalq konfransın iştirakçıları birgə bəyannamə qəbul ediblər

Şuşadakı beynəlxalq konfransın iştirakçıları birgə bəyannamə qəbul ediblər
Kateqoriya məlum deyil
T

Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçıları müzakirələrin yekunlarına əsasən hazırlanmış əsas nəticələrin və tövsiyələrin əks olunduğu birgə bəyannamə qəbul ediblər.

Sfera.az xəbər verir ki, tədbir çərçivəsində mədəni və etnik müxtəlifliyin qorunub saxlanması, yerli xalqların hüquqlarının müdafiəsi, müstəmləkəçiliyin nəticələrinə dair məsələlər, eləcə də tarixi yaddaş və beynəlxalq əməkdaşlıq sahəsindəki müasir çağırışlara həsr olunmuş iki panel müzakirəsi keçirilib.

Bəyannamənin mətnini təqdim edirik:

Biz - "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar" adlı beynəlxalq konfransın iştirakçıları olan müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar Şuşa müzakirələrinin nəticələrinə uyğun olaraq, aşağıdakıları bəyan edirik:

- Mədəni və etnik müxtəliflik, tolerantlıq, multikulturalizm hər bir dövlət üçün milli sərvət olmalıdır. Heç bir xalq etnik və dini mənsubiyyətinə görə alçaldılmamalı, ayrı-seçkiliyə məruz qoyulmamalı, təqib edilməməlidir. İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə beynəlxalq öhdəliklər, UNESCO-nun mədəni müxtəlifliyin qorunmasına dair prinsipləri öz tarixi torpaqlarından qovulmuş, kütləvi qırğınlara, soyqırımılarına, sürgünlərə məruz qalmış, tarixi-mədəni irsini, dilini itirmək təhlükəsi ilə üzləşmiş xalqların fundamental hüquqlarının qorunması üçün işlək alətlərə çevrilməlidir. Müstəmləkəçiliyin müasir formalarının, xalqlara faciə, köləlik və iztirab gətirən addımların qarşısı alınmalıdır. Xalqların etnik və dini mənsubiyyəti cinayət hesab edilməməli, kollektiv cəzalandırmaya səbəb olmamalıdır;

- Xalqların milli ləyaqəti və heysiyyəti nəzərə alınmalı, humanizm prinsipləri rəhbər tutulmalı, qarşıdurmaları, toqquşmaları dialoq, əməkdaşlıq, etimad mühiti əvəz etməlidir;

- Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır. Rusiya tarixdən ibrət dərsi götürməli, çərkəzlərə və digər xalqlara qarşı soyqırımıları etiraf etməli, onların qanlarını tökənləri qəhrəmanlaşdırmamalıdır, tarixi mövzularda arxiv materialları əlçatan olmalıdır. Rusiyada şovinizm, ksenofobiya ritorikası, "skinhed" dəstələrinin, onların yeni adlar altında, yeni obrazlarda üzə çıxan müxtəlif təzahür formalarının öz mülahizələri əsasında qeyri-ruslara qarşı hücum və təqibləri dayandırılmalıdır;

- Etnik və mədəni müxtəlifliyin qorunmasında, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası harmoniya və dialoqun təşviqində Azərbaycanın nümunəvi modeli təqdir olunmalıdır. Azərbaycanın tarixi Şuşa Zəfəri müstəmləkə xalqlarının ən çox ehtiyac duyduğu tarixi ədalətin bərpasının rəmzi kimi nümunə olmalıdır. \\report

PAYLAŞ