Adı dəyişdirmək həyatı dəyişir? – Neyropsixoloqdan AÇIQLAMA

Adı dəyişdirmək həyatı dəyişir? – Neyropsixoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif platformalarda insanların ad dəyişməsi ilə bağlı fikirlər geniş yayılıb. Bəzi numeroloqlar insanın adının onun taleyinə, xarakterinə və həyatındakı uğur və uğursuzluqlara təsir etdiyini iddia edir. Bu səbəbdən bəzi insanlar adlarını dəyişdikdən sonra həyatlarının da tamamilə dəyişəcəyinə inanırlar.

Bəs psixoloji baxımdan ad insanın həyatına nə qədər təsir edir? Ad dəyişmək həqiqətən insanın düşüncələrini və davranışlarını dəyişə bilir, yoxsa burada başqa psixoloji faktorlar rol oynayır?

Məsələ ilə bağlı neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlama verib.

O bildirib ki, ad özü-özlüyündə taleyi dəyişmir, amma insanın özünüdərkinə, davranışına və başqalarının ona münasibətinə dolayı yolla təsir edə bilər:

“İnsan beyni adları sadəcə söz kimi deyil, şəxsiyyətlə əlaqəli məlumat kimi emal edir. Buna görə də bəzi adlar bizə daha tez tanış gəlir və diqqətimizi daha asan çəkir. Ancaq bu, adın özündən çox, beynin məlumatı necə emal etməsi ilə bağlıdır. Öz adımız beynin diqqət şəbəkələrini digər sözlərdən daha güclü aktivləşdirir. Hətta insan diqqəti başqa yerdə olduqda belə, öz adını eşitdikdə onu həmən reaksiya verir. Bu, seçici diqqətin klassik nümunəsidir və adımız beynimiz, diqqətimiz üçün önəmlidir. Psixiatr və psixoanalitik Karl Yunq şəxsiyyət və simvollar üzərində işləyərkən adın fərdin daxili “öz” ilə necə əlaqələndiyinə diqqət çəkib. Onun fikrincə, ad şəxsin sosial maskası ilə həqiqi mənliyi arasındaki əlaqəni əks etdirən simvoldur. Numerologiya isə ədədlərin və hərflərin taleyə təsir etdiyi iddiası heç bir empirik sınaqdan keçməyib və psixologiya, statistika elmləri tərəfindən psevdoelm hesab olunur. Belə iddiaların populyarlığı əsasən Barnum effekti (ümumi, hər kəsə uyğun gələn ifadələrin şəxsiləşdirilmiş kimi qəbul edilir. İnsan əvvəlcədən nəyəsə inanırsa, sonradan həyatındakı təsadüfi hadisələri o inancı təsdiqləyən şəkildə yorumlayır. Amma adın psixoloji təsiri tamamilə yoxdur demək düz olmaz. Burada maraqlı məqam ondadır ki, elmi tədqiqatlar adın dolayı psixoloji təsirlərini təsdiqləyir, sadəcə mistik yolla yox, tamamilə real sosial-psixoloji mexanizmlərlə. Məsələn, əgər insan öz adının "uğursuzluq" gətirdiyinə inanırsa, bu inanc onun davranışına, qərarlarına və riskə girmə istəyinə təsir edə bilər. Nəticədə "adım uğursuzluq gətirdi" deyil, əslində yanlış inanc davranışı formalaşdırdı, davranış nəticəni müəyyənləşdirdi prosesi baş verir”.

Mütəxəssis ad dəyişmə prosesinin insan psixolgiyasına təsiri ilə bağlı da fikirlərini bildirib:

“Adın psixologiyaya təsiri böyükdür. Tədqiqatlar göstərir ki, insanlar adlarla əlaqəli əsasən qeyri-şüuri stereotiplər qurur. Məsələn, bəzi adlar peşəkar, bəziləri səmimi kimi qəbul edilir. Bu, işə qəbul, tanışlıq və ictimai qəbul kimi sahələrdə real təsir yarada bilər, amma bu, adın "sehri" deyil, cəmiyyətin həmin ada bağladığı assosiasiyalardır. Ad dəyişmək psixoloji olaraq təzə başlanğıc effekti-“fresh start effect”yaradır. Davranış psixologiyasında sübut olunmuş bir fenomen var. Belə ki, insanlar simvolik dönüm nöqtələrində (yeni il, ad günü, yeni ad) dəyişməyə daha həvəslə başlayırlar. Ad dəyişmək də belə bir simvolik neyropsixoloji sıfırlama ola bilər və yeni ada keçid insana "köhnə mən"dən uzaqlaşmaq və yeni vərdişlərə start vermək üçün psixoloji bəhanə yaradır. Burda təsir edən ad deyil, dəyişikliyin simvolik hərəkət kimi qəbul edilməsidir. Ad şəxsiyyətimizin bir hissəsidir. Adını dəyişən insan çox vaxt daha dərin bir prosesin, yəni özünü yenidən təyin etmə, keçmişdən qopma, yeni sosial rol qurma istəyinin nişanəsini yaşayır. Bu hallarda "ad dəyişdi, həyatım dəyişdi" hissi yaranır, çünki əslində insanın daxili niyyəti və qərarlılığı dəyişib, ad sadəcə bunun zahiri simvoludur. Ad dəyişdikdən sonra bəzi insanların həqiqətən həyatında müsbət dəyişikliklər müşahidə etməsi mümkündür. Amma bunun səbəbi metafizik deyil. İnsan yeni ada güvənclə, artan motivasiya ilə yeni addımlar atır. Ətrafdakılar yeni adı fərqli qəbul edir və bu, sosial dinamikaya təsir edir. Simvolik dönüm nöqtəsi insana daxili icazə verir ki, köhnə vərdişlərini tərk etsin. Əgər kimsə ad dəyişməklə həyatını yaxşılaşdırmaq istəyirsə, əsl faydalı addım ola bilər ki, bu addımı özünə yeni məqsədlər qoymaq, köhnə mənfi vərdişlərdən imtina etmək üçün bir bəhanə kimi şüurlu şəkildə istifadə etsin”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ