Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər? — AÇIQLAMA

Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər? — AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşı bərabərləşdirilib. Artıq qadınlar da kişilər kimi 65 yaşında pensiyaya çıxa biləcək.

Sfera.az xatırladır ki, kişilər 2021-ci il iyunun 30-dan 65 yaşdan pensiyaya çıxırlar.

Maraqlıdır, bundan sonra Azərbaycanda növbəti dəfə pensiya yaşının artırılması ehtimalı ən tez nə zaman olacaq? Pensiya yaşının dəyişdirilməsinə hansı amillər təsir edə bilər?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.

Onun sözlərinə əsasən, hazırda qüvvədə olan qanunvericilikdə pensiya yaşının bundan sonra avtomatik şəkildə artırılmasını nəzərdə tutan mexanizm yoxdur:

“Bu səbəbdən növbəti artım yalnız qanunvericiliyə yeni dəyişiklik ediləcəyi təqdirdə mümkün ola bilər və bunun nə vaxt baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyil. Pensiya yaşının dəyişdirilməsi ilə bağlı qərarlara bir sıra amillər təsir göstərir. Bunlara əhalinin yaş strukturu, orta ömür uzunluğu, işləyən və pensiya alanların nisbəti, Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı, məşğulluq səviyyəsi və ölkənin ümumi iqtisadi vəziyyəti daxildir. Eyni zamanda əmək bazarının imkanları və sosial müdafiə siyasəti də belə qərarların qəbulunda mühüm rol oynayır. Əgər gələcəkdə demoqrafik və iqtisadi göstəricilər buna ehtiyac yaradarsa, pensiya yaşı ilə bağlı yeni təkliflər gündəmə gələ bilər. Hazırkı mərhələdə isə belə bir dəyişiklik barədə rəsmi qərar və ya açıqlama yoxdur”.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli isə məsələyə başqa aspektdən yanaşıb. Belə ki, o, açıqlamasında pensiya məbləğinin azlığına toxunub:

“Azərbaycanda əsas müzakirə mövzusu təqaüd yaşı deyil, təqaüdlərin aşağı olmasıdır. Bizdə təqaüdlər çox aşağıdır. Orta təqaüd göstəricisini, yəni median təqaüdü nəzərə alsaq, ölkədə təqaüd alanların təxminən 80 faizə yaxını minimum və ya minimuma yaxın təqaüd alır. Bu, çox aşağı göstəricidir. İlk növbədə məhz bu məsələ həll olunmalıdır. Çünki bizdə çox qəribə bir vəziyyət yaranıb. Dövlət orqanlarında, büdcə təşkilatlarında çalışanların bir çoxu təqaüdə çıxmaq istəmir. Dövlət qulluqçularını nəzərə almasaq, onlarda təqaüd məbləği daha yüksək olur. Məsələn, müəllimlərin orta maaşı təxminən 1030 manatdır. Təqaüdə çıxanda isə onlar 400 manat civarında pensiya alırlar. Buna görə də müəllimlər təqaüdə çıxmaq istəmirlər. Azərbaycan bu baxımdan digər Avropa ölkələrindən fərqlənir. Ona görə də bizdə təqaüd yaşı, bəli, ciddi məsələdir və müzakirə olunmalıdır. Amma ilk növbədə müzakirə edilməli məsələ təqaüdlərin həcminin aşağı olmasıdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ