Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir?

Azərbaycan və Rusiyanın gömrük xidmətlərinin rəhbərləri mühüm görüş keçiriblər. Görüşdə sərhəd-keçid məntəqələrinin infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha operativ daşınmasının təmin edilməsi və sərhəddə yaranan sıxlığın azaldılması ilə bağlı məsələlər müzakirə olunub. Bu görüşdən sonra ictimaiyyətdə “Azərbaycan-Rusiya quru sərhədi açıla bilərmi?” sualı yenidən gündəmə gəlib. Bununla belə, rəsmi açıqlamalarda sərnişinlərin quru sərhədindən keçidinin bərpası ilə bağlı hər hansı qərar və ya konkret tarixə dair məlumat yer almayıb.
Sfera.az bildirir ki, globalinfo.az-a danışan deputat Cavanşir Feyziyev deyib ki, sərhəd-keçid məntəqələrində infrastrukturun və prosedurların sinxronlaşdırılması hər iki tərəfə keçidin asanlaşdırılması və sürətləndirilməsi məqsədi daşıyır:
“Bu, ilk növbədə ölkələr arasında iqtisadi-ticari fəaliyyətlərin, o cümlədən yükdaşımaların və mal-əmtəə dövriyyəsinin artımına xidmət edir. İndiki rəqəmsallaşma dövründə bu proseslərin də modernləşdirilməsinə ehtiyac var. Dəyişikliklər sərnişinlərin də sərhədlər üzərindən hərəkətini asanlaşdıracaq və quru yol vasitəsilə vətəndaşların sərbəst hərəkəti bərpa olunduqdan sonra sərnişinlər də bu xidmətlərdən faydalanacaqlar”.
Deputatın sözlərinə görə, sərhəd-keçid məntəqələrində infrastrukturun sinxronlaşdırılması sırf texniki məsələdir:
“Sərnişinlərin quru yol vasitəsilə sərhədi keçmək qaydaları isə daha çox siyasi və humanitar xarakerli məsələdir. Əvvəllər də bəyan edildiyi kimi, indiki halda mövcud vəziyyət təhlükəsizlik tədbirləri ilə bağlıdır. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı vaxtı çatanda hökumət tərəfindən ayrıca qərar qəbul olunacaq”.
Xatırladaq ki, may ayının 26-dan Bakı ilə Gürcüstan arasında dəmiryol vasitəsilə sərnişin daşımaları bərpa olub. Rusiya ilə oxşar prosesin baş tutacağı deyilir. İddialara görə, yaxın vaxtlarda Azərbaycan hökuməti Gürcüstan və Rusiya ilə quru sərhədləri tam şəkildə açmaq haqda qərar verə bilər.
