"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin "böyük meydan" adlanan ərazisində söküntü işlərinə başlanılıb.
Sfera.az xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.
"Nəriman Nərimanov" metrostansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanıb. Yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Həmçinin layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq.
Nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra küçə avtomobillər, piyadalar, ictimai nəqliyyat istifadəçiləri və şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və funksional məkana çevriləcək.
Xatırladaq ki, bir neçə ay əvvəl "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu. \\yenisabah
