Azərbaycanda ödənişli hərbi xidmətə keçid nə vaxt mümkün olacaq?

Azərbaycanda ödənişli hərbi xidmətə keçid nə vaxt mümkün olacaq?
Kateqoriya məlum deyil
T

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı müzakirələr zaman-zaman yenidən gündəmə gəlir. Bu dəfə isə məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib ki, xidmət müddətinin azaldılması yalnız hərbçilərin daha qısa müddətdə lazımi hazırlıq keçə bilməsi mümkün olduğu halda müzakirə oluna bilər. O, həmçinin qeyd edib ki, hazırda nə xidmət müddətinin azaldılması, nə də ödənişli hərbi xidmətin tətbiqi gündəmdədir.

Gələcəkdə hərbi xidmət müddətinin azaldılması və ya ödənişli hərbi xidmət modelinin tətbiqi real görünürmü?

Sfera.az bildirir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, hazırda bu, real görünmür:

“Azərbaycanın həm şimalında, həm də cənubunda davam edən müharibə və münaqişələr fonunda Silahlı Qüvvələrimizin say tərkibinin azaldılması hazırda müzakirə mövzusu deyil. Azərbaycan dövləti Silahlı Qüvvələrin tərkibində yeni hərbi hissə və bölmələr yaradır, mövcud hərbi hissələrin sayını artırır, eyni zamanda yeni hərbi infrastruktur formalaşdırır. Yaradılan bu yeni hissə və bölmələrin komplektləşdirilməsi və idarə olunması üçün isə daha çox şəxsi heyətə və çağırışçıya ehtiyac var”.

Ə.Verdiyevin fikrincə, zamanla ödənişli hərbi xidmət modelinə keçid mümkün ola bilər:

“Təbii ki, müəyyən zaman keçdikdən sonra peşəkar orduya keçid prosesi çərçivəsində həqiqi hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət modelinə keçid kimi məsələlərin müzakirə olunması mümkündür. Lakin hazırkı regional və qlobal təhlükəsizlik şəraitində, eləcə də Azərbaycanın qarşısında duran çağırışlar fonunda bu məsələlərin indidən gündəmə gətirilməsi məqsədəuyğun hesab olunmur. Üstəlik, belə bir məsələ nə dövlət qurumları, nə Milli Məclisin aidiyyəti komitələri tərəfindən təklif olunub, nə də rəsmi müzakirəyə çıxarılıb. Ona görə də yaxın perspektivdə bu məsələnin gündəmə gələcəyini ehtimal etmək üçün hər hansı əsas yoxdur”.

PAYLAŞ