İsti hava psixi sağlamlığa ziyandır

Qlobal istiləşmə səbəbindən dünyada temperatur göstəriciləri mövsüm normallarını aşmağa davam edir.
Mütəxəssislər bildiriblər ki, rekord həddə çatan istilər yalnız fiziki sağlamlığa deyil, insanın psixoloji vəziyyətinə də ciddi təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, uzunmüddətli və ekstremal istilər bədəndə istilik yorğunluğu, gün vurması kimi ağır problemlərə səbəb ola bilər. Eyni zamanda isti hava ürək tutması, insult riskini artırır, böyrək, ağciyər xəstəlikləri və psixi pozuntuları daha da ağırlaşdıra bilər.
Mütəxəssislər isti havalarda daha çox risk altında olan qruplara diqqət çəkiblər. 65 yaşdan yuxarı şəxslər, körpələr və azyaşlı uşaqlar, hamilə qadınlar, ürək, böyrək xəstəliyi, diabet və psixi xəstəlikləri olan insanlar, bəzi dərmanlardan istifadə edənlər, açıq havada işləyənlər, tək yaşayan və sərinləmək imkanı məhdud olan şəxslər daha həssas qruplar hesab olunur.
Maraqlıdır ki, isti havalarda psixiatriya xidmətlərinə müraciətlərin də artdığı müşahidə edilir.
Ekspertlər qeyd edib ki, yüksək temperatur yuxu rejimini pozur, yuxunun keyfiyyətini aşağı salır. Yuxu problemlərinin artması isə depressiya, təşviş, narahatlıq və digər psixoloji problemlərin yaranmasına və ya şiddətlənməsinə səbəb ola bilər.
Mütəxəssislər isti günlərdə kifayət qədər su qəbul etməyi, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı və xüsusilə risk qrupunda olan şəxslərə daha çox diqqət göstərməyi tövsiyə edir.
Bəsti Rəfizadə
