Bu günəş kremini istifadə etsəniz, cərimələnə bilərsiniz

Dünyanın bir çox məşhur turizm bölgələrində dəniz ekosisteminə və mərcan qayalıqlarına bərpası qeyri-mümkün zərərlər vuran xüsusi günəş kremlərinə qarşı genişmiqyaslı qadağalar və ağır pul cərimələri qüvvəyə minib.
Sfera.az xəbər verir ki, aparılan elmi araşdırmalar göstərib ki, ənənəvi günəş kremlərinin tərkibində geniş istifadə olunan "oksibenzon" və "oktinoksat" kimi kimyevi ultrabənövşəyi (UV) filtrlər dəniz suyuna qarışdıqda mərcanların ağarmasına (məhvinə) səbəb olur və dəniz canlılarının çoxalma prosesini dayandırır. Bu səbəbdən dənizaltı aləmi qorumaq məqsədilə Hawaii, Tayland, Palau və Karib adalarında bəzi günəş kremlərinin istifadəsi rəsmən qadağan edilib. Yeni qaydaları pozan turistləri isə 2500 avrodan çox cərimə təhlükəsi gözləyir.
Sözügedən radikal addımları atan ölkələrdə qaydalar olduqca sərtdir. Məsələn, Sakit okeanda yerləşən Palau ada dövlətində mərcan qayalıqlarına zərərli kimyəvi maddələr ehtiva edən günəş qoruyucularının idxalı və satışı tamamilə dayandırılıb, qaydanı pozan obyektlər və turistlər üçün yüksək məbləğdə cərimələr müəyyən edilib. ABŞ-nin dünyaca məşhur turizm cənnəti sayılan Havay adalarında da analoji kimyəvi tərkibli məhsulların istifadəsi qanunsuz hesab olunur. Taylandda isə qadağa xüsusilə dövlət tərəfindən qorunan dəniz milli parklarında ciddi şəkildə tətbiq edilir. Burada turist rəhbərlərinin (bələdçilərin) səyahətçilərə zərərli UV filtrləri barədə məlumat verməsi məcburidir, qaydanı pozan bələdçi və agentlikləri təxminən 2565 avro cərimə gözləyir. Karib hövzəsində yerləşən Aruba və Bonaire adalarında da ekoloji böhranla bağlı analoji tədbirlər gücləndirilib.
Bəs həll yolu nədir?
Ekspertlər bildiriblər ki, həm okeanı qorumaq, həm də günəşdən mühafizə olunmaq istəyən şəxslər aldıqları məhsulların tərkibinə ciddi diqqət yetirməlidirlər. Kimyəvi filtrlər əvəzinə tərkibində sink oksid və ya titan dioksid olan, xüsusən də "nano-komponent daxil olmayan" mineral bazlı günəş kremlərinə üstünlük verilməlidir. Eyni zamanda vurğulanır ki, qablaşdırmanın üzərindəki hər bir logoya inanmaq olmaz, çünki "mərcandostu" (reef-friendly) ifadəsi hələ tam hüquqi status qazanmadığından, birbaşa məhsulun daxili tərkib (ingredients) hissəsi yoxlanılmalıdır.
Mütəxəssislər tətildəki qadağalarla yanaşı, evlərdə qalan keçənillik və ya köhnə günəş kremlərindən "israf olmasın" deyə istifadə edilməsinə qarşı da ciddi xəbərdarlıq ediblər. Zaman keçdikcə bu kremlərin qoruyucu təsiri tamamilə itir, üstəlik şüşənin içərisində yaranan oksidləşmiş kimyəvi maddələr dəri üçün kəskin zərərli və potensial xərçəngyaradıcı elementlərə çevrilir. Bu baxımdan, son istifadə tarixi keçmiş və ya strukturu pozulmuş bütün günəş kremləri dərhal zibil qutusuna atılmalıdır.
Bəsti Rəfizadə
Sfera.az
