Azərbaycanda tək yaşayan insanların sayı artacaq

Azərbaycanda doğum səviyyəsinin azalması uzunmüddətli perspektivdə əhalinin yaş strukturuna və ailə münasibətlərinə təsir göstərə bilər. Bəs doğum sayının azalması ilə yaşlıların tənhalaşması arasında hansı əlaqə var?
Sfera.az bildirir ki, məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, doğum sayının azalması bəzi insanların övladsız qalmasına və gələcəkdə tənhalıq yaşamasına səbəb ola biləcək amillərdən biridir:
"Hazırda ailə bağlarının güclü olması, xüsusən də Azərbaycan cəmiyyətində bu təsirin o qədər hiss olunmamasına səbəb olur. Lakin uzunmüddətli perspektivdə tək yaşayan insanların sayının artmasına ciddi təsir göstərə bilər. Bu, ümumilikdə demoqrafik azalmanın və demoqrafik keçidin təbii nəticələrindən biri hesab olunur.
Əsas məsələ təkcə yaşlı əhalinin sayının artması deyil, onların sosial dəstək şəbəkəsinin zəifləməsidir. Keçmişdə ailələr daha çoxuşaqlı olurdu və bu, yaşlı valideynlərə qayğı məsələsinin həllində mühüm rol oynayırdı. Bir neçə övlad arasında qayğı yükü bölüşdürülür, hətta övladlar valideynlərinin razılığını qazanmaq üçün daha çox diqqət göstərməyə çalışırdılar. Hazırda isə ailələrin kiçilməsi, miqrasiya proseslərinin güclənməsi və fərdiləşmənin artması valideynlərin yaşlandıqda məhdud ailə dəstəyi ilə üzləşməsi və ya tək yaşaması ehtimalını artırır".
Sosioloq deyib ki, bu tendensiya davam edərsə, yaxın 20-30 ildə tək yaşayan insanların sayı və onların əhalidə xüsusi çəkisi əhəmiyyətli dərəcədə arta bilər:
"Bu isə yalnız sosial deyil, həm də iqtisadi və psixoloji nəticələr doğuran bir meyildir. Əhalinin yaşlanması fonunda tək yaşayan yaşlıların sayının artması ehtimalı kifayət qədər yüksək və real görünür.
Digər tərəfdən, yaşlıların sosial təcridi, tənhalığın genişlənməsi və qayğı xidmətlərinə tələbatın artması dövlətin sosial sistemi üçün ciddi çağırışlar yaradır. Bu halda sosial işçilərin üzərinə düşən yük artır, sosioloqlar, sosial tədqiqatçılar və sosial psixoloqlar isə yeni həll modelləri üzərində işləməli olurlar.
Qərb ölkələrində bu artıq xarakterik tendensiyadır. Orada yaşlı insanların aktiv həyat tərzi keçirməsi, idmanla məşğul olması, müxtəlif sosial tədbirlərdə və yarışlarda iştirakı geniş yayılıb. Azərbaycanda da yaşlı insanlar tam passiv deyillər, lakin fiziki məhdudiyyətlər, tibbi xidmətlərə çıxış imkanlarının məhdudluğu və yaşayış xərclərinin yüksək olması sağlam qocalma prosesinə mənfi təsir göstərən amillər sırasındadır.
Təbii ki, tək yaşamaq hər zaman sosial tənhalıq demək deyil. Müasir cəmiyyətlərdə yaşlıların sosial fəallığını artıran proqramlar, icma əsaslı xidmətlər və rəqəmsal texnologiyalar bu riski müəyyən qədər azaldır. Bununla belə, ailə institutunun zəifləməsi təklik hissinin və depressiv halların artması ehtimalını yüksəldir. Bu baxımdan doğum səviyyəsinin aşağı düşdüyü cəmiyyətlərdə yaşlıların sosial müdafiəsi məsələsi daha da aktuallaşır və nəsillərarası boşluq problemi ön plana çıxır.
Doğum sayının azalması yalnız sosial-demoqrafik göstərici deyil, həm də gələcəyin ailə və qayğı modelinin yenidən formalaşması deməkdir. Bu gün uşaqların sayının azalması sabah yaşlıların sosial dayaqlarının zəifləməsi anlamına gəlir. Buna görə də yaşlıların cəmiyyətə reinteqrasiyası istiqamətində hazırlıq yalnız pensiya siyasəti ilə məhdudlaşmamalı, eyni zamanda sosial xidmətlərin, ailə institutunun və nəsillərarası həmrəylik siyasətinin gücləndirilməsi ilə müşayiət olunmalıdır", - deyə o qeyd edib.
