Eldar Mahmudovun oğlunun mənzil işi Ali Məhkəmədə

Bakıda 7 ildir yaşadıqları mənzillərdən çıxarılmaq təhlükəsi ilə üzləşən 3 ailənin taleyi hazırda Ali Məhkəmənin verəcəyi qərardan asılıdır. İş üzrə kassasiya şikayəti hakim Eldar Şamayevin icraatına verilib və tərəflər son instansiyanın qərarını gözləyirlər. Musavat.com xıbır verir ki, mübahisənin mərkəzində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddiası dayanır.
Ailələr bildirirlər ki, mənzilləri 2021-ci ildə qanuni qaydada əldə ediblər. Onların sözlərinə görə, bütün alqı-satqı əməliyyatları rəsmi qaydada aparılıb, dövlət qeydiyyatı həyata keçirilib və 2025-ci ildə mənzillərə çıxarış (kupça) verilib. Lakin elə həmin il onlar məhkəməyə verilib.
Sakinlərdən biri olan Şövkət Əliyeva deyir ki, birinci instansiya məhkəməsi onları vicdanlı alıcı kimi tanıyıb: “Mənzili 2021-ci ildə almışıq. 2025-ci ildə kupça almışıq. Elə həmin il də Eldar Mahmudovun oğlu Anar Mahmudov tərəfindən məhkəməyə verildik. Səbail Rayon Məhkəməsi bizi vicdanlı alıcı hesab etdi. Dövlətin xəbərdar olmadığı məsələdən mən vətəndaşın necə xəbəri ola bilərdi?”
Birinci instansiyada ailələrin mövqeyi əsaslı hesab olunsa da, sonradan Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov həmin qərarı ləğv edib. Sakinlər deyirlər ki, apellyasiya instansiyası qərarında əvvəlki məhkəmə araşdırmalarında müəyyən edilmiş faktlara toxunmayıb, hər hansı bir əsaslandırma aparmadan qərarı ləğv edib. Hakim Məmməd Məmmədovun qərarı Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadənin yaşadıqları mənzillərlə bağlı hüquqi vəziyyəti kökündən dəyişib. Vicdanlı alıcılar hakim Məmməd Məmmədovun çıxardığı qərarın həm iş materiallarına, həm də əvvəlki məhkəmə aktlarına zidd olduğunu bildirirlər. Ailələrin sözlərinə görə, onlar mənzilləri tam qanuni yolla və qaydada əldə ediblər. Alqı-satqı müqavilələri mövcuddur, əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb, çıxarışlar təqdim olunub və bütün rəsmiləşdirmələr dövlət qurumu olan ASAN Xidmət vasitəsilə həyata keçirilib. Sakinlər bildirirlər ki, hakim Məmməd Məmmədovun sədrliyi ilə Fuad Talışinski və Günel Abbasovadan ibarət hakim kollegiyasının çıxardığı son qərar onlar üçün gözlənilməz olub:
“7 ildir yaşadığımız evdir. Bütün sənədlərimiz qaydasındadır. İndiyədək baxılan məhkəmə instansiyalarında da bizim mövqeyimiz əsaslı hesab olunub. İndi isə Anar Mahmudov həmin evlərin ona məxsus olduğunu iddia edir. Bu qərar bizim üçün şok oldu. Azyaşlı uşaqlarımız var. Evlər əlimizdən alınarsa, ailələrimiz faktiki olaraq küçədə qalacaq”.
Ailələrin diqqət çəkdiyi əsas məqamlardan biri də Anar Mahmudovun təqdim etdiyi sənədlərlə bağlıdır. Onların iddiasına görə, Mahmudov tərəfinin istinad etdiyi müqavilələr üzrə mənzillərin alınmasına dair hər hansı ödənişi təsdiqləyən maliyyə sənədləri mövcud deyil. Sakinlər hesab edirlər ki, bu hal sözügedən əmlakların əldə edilməsinin qanuniliyi ilə bağlı ciddi suallar yaradır.
Mübahisənin ən diqqətçəkən tərəflərindən biri isə mənzillərin fiziki mövcudluğu məsələsidir. İş materiallarında yer alan əvvəlki ekspertiza rəylərində və araşdırmalarda Anar Mahmudovun iddia etdiyi parametrlərə malik mənzillərin həmin binada mövcud olmadığı göstərilib.
Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin rəyi də bu mövqeni təsdiqləyib. Həmin rəyə əsasən, Mahmudovun tələb etdiyi 453 kvadratmetrlik yaşayış sahəsi binada mövcud deyil. Bundan başqa, müxtəlif məhkəmə instansiyalarında qəbul edilmiş qərarlarda da qeyd olunub ki, sözügedən mərtəbədə Anar Mahmudovun iddia etdiyi mənzillər yoxdur və həmin sahələrdə hazırda başqa ailələr yaşayır.
Məhz bu səbəbdən sakinlər Bakı Apellyasiya Məhkəməsinin son qərarının hansı əsaslarla qəbul edildiyinə dair sualların cavabsız qaldığını bildirirlər.
Mübahisəli mənzillərin tarixinə nəzər saldıqda məlum olur ki, söhbət 2021-ci ildə “Dolçasaray” şirkətindən alınmış mənzillərdən gedir. Ailələr mənzilləri təmirsiz vəziyyətdə əldə edib, sonradan şəxsi vəsaitləri hesabına təmir etdirərək yaşayış üçün yararlı vəziyyətə gətiriblər.
Maraqlıdır ki, mənzilləri satan “Dolçasaray” şirkəti də uzun illərdir Anar Mahmudovun iddiasını əsassız hesab edir. Şirkət rəhbərliyi müxtəlif məhkəmə instansiyalarında bildirib ki, Mahmudov tərəfinin istinad etdiyi müqavilələr üzrə heç vaxt ödəniş həyata keçirilməyib və həmin müqavilələr sonradan ləğv olunub.
Beləliklə, bir tərəfdə dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədlərinə malik və illərdir həmin mənzillərdə yaşayan ailələr, digər tərəfdə isə mənzillərə dair əvvəlki müqavilələrə istinad edən Anar Mahmudov dayanır.
Hazırda azyaşlı uşaqların da yaşadığı 3 ailənin taleyi Ali Məhkəmənin verəcəyi qərardan asılıdır. Sakinlər yüksək instansiyadan işə açıq məhkəmə iclasında baxılmasını, bütün tərəflərin üzbəüz dinlənilməsini və mübahisəyə obyektiv hüquqi qiymət verilməsini istəyirlər.
