Polis məşhur milyarderi axtarır

Avstraliyanın məşhur “WiseTech Global” proqram təminatı şirkətinin qurucusu və idarə heyətinin rəhbəri Riçard Vayt barəsində insan alveri və cinsi istismar ittihamı ilə genişmiqyaslı təhqiqat başladılıb.
Sfera.az xəbər verir ki, Avstraliya federal polisi milyarder iş adamının xarici ölkə vətəndaşı olan bir qadına cinsi münasibət qarşılığında viza təmin etmək barədə vəd verdiyinə dair iddiaları araşdırır. Ortaya çıxan ciddi iddialardan sonra ölkənin hüquq-mühafizə orqanları hərəkətə keçərək iş adamının fəaliyyətini nəzarətə götürüb. Şirkət tərəfindən verilən rəsmi açıqlamada Vaytın insan alveri ilə bağlı ittihamlarla üzləşdiyi təsdiqlənib. Bu gözlənilməz hadisə həm ölkənin iş dünyasında, həm də beynəlxalq mətbuatda böyük rezonans doğurub.
Məlumata görə, Riçard Vayt öz nüfuzundan və maddi imkanlarından istifadə edərək qarşı tərəfi qeyri-qanuni yollarla asılı vəziyyətə salmağa cəhd göstərib. İstintaq qrupu milyarderin xarici vətəndaşların viza proseslərinə qanunsuz müdaxilə edib-etmədiyini və digər mümkün qurbanların olub-olmadığını dərindən araşdırır.
Ağır ittihamlar sübuta yetiriləcəyi təqdirdə, tanınmış iş adamını uzunmüddətli həbs cəzası gözləyir. Hazırda hadisə ilə bağlı hüquqi prosedurlar davam edir və proqram təminatı nəhənginin gələcək fəaliyyətinə bu qalmaqalın necə təsir edəcəyi ciddi maraq doğurur./metbuat.az
