Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azalıb - İki dəfəyə yaxın geriləmə

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 926 ədəd avtomobil ixrac edib.
Sfera.az report-a istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38%, kəmiyyət üzrə isə təxminən iki dəfə azalma deməkdir.
Bununla da Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan ümumilikdə xarici ölkələrə 734,6 milyon ABŞ dolları dəyərində 29 297 ədəd avtomobil satıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər üzrə 25%, kəmiyyət üzrə isə 24% azalma ilə müşahidə olunur.
Dövr ərzində Gürcüstandan Qırğızıstana 340 milyon dollar dəyərində 8 524 ədəd, Qazaxıstana 164 milyon dollar dəyərində 10 439 ədəd, İrana 44 milyon dollar dəyərində 2 519 ədəd, Tacikistana isə 39 milyon dollar dəyərində 2 356 ədəd avtomobil ixrac edilib.
Qeyd edək ki, 2025-ci ildə Gürcüstan ümumilikdə 2,8 milyard dollar dəyərində 111 265 ədəd avtomobil ixrac edib. Bunun 213 milyon dollar dəyərində 7 814 ədədi Azərbaycanın payına düşüb.
