İyun ayında 13 nəfər suda həyatını itirib - FHN

İyun ayında 13 nəfər suda həyatını itirib - FHN
Kateqoriya məlum deyil
T

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Bununla əlaqədar ölkə ərazisindəki bütün rəsmi çimərliklər vətəndaşların, həmçinin turistlərin istifadəsinə verilib.

Yay tətilini dəniz kənarında keçirmək istəyənlərin rahat və təhlükəsiz istirahəti üçün aidiyyəti dövlət qurumları tərəfindən zəruri hazırlıq və təmizlik işləri də yekunlaşdırılıb.

Vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə çimərlik ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələri fəaliyyətə başlayıb. Lakin istənilən halda hər il suda batma, boğulma və ölüm halları qeydə alınır.

Maraqlıdır, son bir həftə ərzində neçə nəfər batma riski ilə üzləşib? Həmçinin ölüm halları qeydə alınıbmı?

Sfera.az məhz bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən nəzarət olunan çimərliklərdə, çimərlik mövsümü başlayandan hazırkı dövrədək ölüm faktı qeydə alınmayıb:

“Nazirliyin xilasediciləri tərəfindən nəzarət olunan çimərliklərdə hazırkı dövrədək, yəni çimərlik mövsümü başlayandan bəri suda boğulma təhlükəsi ilə üzləşən 6 vətəndaş xilas olunub. Lakin qeyri-çimərlik ərazilərdə, nəzarət olunmayan çimərliklərdə, yəni çimərlik üçün nəzərdə tutulmayan su hövzələrində iyun ayının əvvəlindən hazırkı dövrədək 13 nəfərin ölüm faktı qeydə alınıb”.

Nazirlik küləkli hava şəraiti ilə əlaqədar çimərliklərdə təhlükəsizlik qaydalarına dair əhaliyə növbəti dəfə müraciət edib:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti sonda acı nəticələrə gətirib çıxarır. Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi ilə bağlı ötən gün daxil olmuş məlumat bir daha qaydalara riayət etməyin zərurətini göstərir.

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır. Həmçinin, təhlükə zamanı 112-yə zəng edin”.

Qurumdan əhaliyə müraciət edilərək hansı ərazilərdən çimərlik kimi istifadə edilməməsi açıqlanıb:

“Çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qəti qadağandır. Həmçinin, yadda saxlayın ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ