Bu, telefonunuzun ömrünü qısaldır

Smartfonun mütəmadi olaraq söndürülüb yenidən işə salınması cihazın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.
Sfera.az bildirir ki, bu barədə BGR nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, bəzi istifadəçilər, xüsusilə də gecə yatmazdan əvvəl telefonlarını söndürməyi vərdiş halına çeviriblər. Mütəxəssislərin sözlərinə görə, bu vərdiş həm cihazın özünə, həm də istifadəçiyə mənfi təsir göstərə bilər.
Ekspertlər qeyd edirlər ki, müasir smartfonlar uzun müddət fasiləsiz işləmək üçün nəzərdə tutulub. Buna görə də cihazın ömrünü uzatmaq üçün onu istifadə olunmadığı vaxtlarda söndürmək tövsiyə edilmir. Telefon hər dəfə yenidən işə salındıqda daha çox resurs sərf edir və sistem əlavə yüklənməyə məruz qalır.
Mütəxəssislər həmçinin vurğulayıblar ki, fövqəladə vəziyyət zamanı telefon vasitəsilə yardım çağırmaq lazım gələ bilər. Cihaz söndürülmüş vəziyyətdə olduqda isə onun yenidən açılması müəyyən vaxt aparır ki, bu da vacib anlarda problem yarada bilər.
Gecə saatlarında zəng və bildirişlərin narahat etməsini istəməyən istifadəçilərə telefonu söndürmək əvəzinə səssiz rejimə keçirmək və ya “Narahat etməyin” funksiyasını aktivləşdirmək tövsiyə olunur.
Xatırladaq ki, iyunun əvvəlində GizmoChina nəşri də ucuz smartfon istehsalçılarının xərcləri azaltmaq məqsədilə cihazların texniki göstəricilərini zəiflədə biləcəklərini yazmışdı. Buna səbəb kimi bazarda operativ yaddaş çatışmazlığı göstərilib.
İnci
Sfera.az
