Deputat cərimələrə etiraz etdi

Deputat cərimələrə etiraz etdi
Kateqoriya məlum deyil
T

"Azərbaycanda kateqoriyalara görə beynəlxalq, magistral yolların qurulması, genişləndirilməsi, həm də işğaldan azad olunmuş ərazilərdə geniş, magistral yolların çəkilməsi xüsusi əhəmiyyət daşıyır və mən düşünürəm ki, Azərbaycanın mədəni, iqtisadi inteqrasiyasını təmin etmək üçün yaxşı bir vasitəyə çevrilib”.

Sfera.az xəbər verir ki, deputat Hikmət Babaoğlu bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, müasir dövrdə sürət amili xüsusi əhəmiyyət daşıyır və A nöqtəsindən B nöqtəsinə çatma müddətinin qısaldılması vacibdir. Onun sözlərinə görə, yol hərəkətində təhlükəsizlik əsas prinsip olsa da, bəzi hallarda sürət məhdudiyyətlərinin süni şəkildə aşağı salınması problemlər yaradır.

Hikmət Babaoğlu qeyd edib ki, bəzi magistral yollarda standartlara uyğun olmayan xətlənmə və ölçülər sürücülər üçün çətinliklər yaradır. O, xüsusilə yol zolaqlarının ensizliyi, parklanma nişanlanmalarının düzgün aparılmaması və kameraların məcburi manevrləri cərimə ilə nəticələndirməsi kimi halları tənqid edib.

Deputat həmçinin vurğulayıb ki, bu cür vəziyyətlər sürücülərdə psixoloji gərginlik yaradır və bəzən təhlükəsizliyi artırmaq məqsədi daşıyan tədbirlər əks effekt verir. O, şəhər nəqliyyatında yeni yanaşmaların, velosiped zolaqları və mopedlərin qeydiyyatı kimi addımların müsbət olduğunu da əlavə edib.

Sonda Hikmət Babaoğlu aidiyyəti qurumların yol infrastrukturu və standartların tətbiqində daha diqqətli olmasının vacibliyini qeyd edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ