Jurnalistika fakültəsinin tələbələri parlamentdə staj keçə bilərlər

“Jurnalistika fakültəsinin tələbələri parlamentdə staj keçə bilərlər”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə peşəkar jurnalistika, media təhsili və praktiki hazırlıq məsələlərinə münasibətində bildirib.
O qeyd edib ki, klassik jurnalistika təhsili ilə yanaşı, yeni yanaşmaların da tətbiqi vacibdir:
“Təbii ki, peşəkar jurnalistikadan danışanda biz klassik jurnalistika təhsilini meyarlaşdırmaq və çağırışlar deyəndə də yeni yanaşmalar ortaya qoymalıyıq. Mən düşünürəm ki, bununla bağlı Elm və Təhsil Komitəsi lazım olsa bir dinləmə də keçirə bilər”.
Sahibə Qafarova bildirib ki, parlamentdə ekspertlər və jurnalistlərin iştirakı ilə bu mövzunun müzakirəsi faydalı ola bilər:
“Bununla bağlı bizdə ekspertlərimiz də var, jurnalistlərimiz də var, bizi müşahidə edən media nümayəndələri də var. Hər il Bakı Dövlət Universiteti və digər universitetlərdən tələbələr bizə staj keçməyə gəlirlər. Çox yaxşı olardı ki, jurnalistika fakültəsindən də tələbələr gəlsinlər. Bizim burada media orqanlarımız var – qəzetimiz, saytımız, TV-miz var. Onlar stajı da burada keçə bilərlər”.
Milli Məclis sədri əlavə edib ki, bu təşəbbüs media təhsilinin praktik hissəsinin gücləndirilməsinə xidmət edə bilər.
Firuzə Əliyeva
