Gec qocalmaq mümkündürmü? - Bunları etsəniz...

Gec qocalmaq xüsusilə qadınlar arasında ən çox maraq doğuran mövzulardan biridir. Mütəxəssislərin fikrincə, yaşlanma prosesi tam dayandırıla bilməsə də, düzgün vərdişlərlə onun sürətini xeyli azaltmaq mümkündür.
Sfera.az xəbər verir ki, dermatoloqlar və qidalanma üzrə mütəxəssislər həm üz dərisinin, həm də bədənin daha uzun müddət gənc qalması üçün bir sıra əsas qaydaları tövsiyə edir.
Günəşdən qorunma – ən vacib addım
Günəş şüaları dərinin erkən qocalmasının əsas səbəblərindən biri hesab olunur. SPF qoruyucu kremlərindən yay-qış gündəlik istifadə mütləqdir.
Dəriyə düzgün qulluq sistemi
Dərinin sağlam qalması üçün gündəlik rutin vacib rol oynayır. Dərinin mütəmadi təmizlənməsi, nəmləndirici kremlərdən istifadə buraya aid edilir. Eyni zamanda
C vitamini və retinol tərkibli məhsullar, gecə bərpaedici kremlər qadınlar üçün mühümdür.
Qidalanma və su balansı
Dəri və bədən sağlamlığı birbaşa qidalanma ilə bağlıdır. Gündə kifayət qədər su içmək, Omega-3 ilə zəngin qidalar (balıq, qoz və s.) qəbul etmək həm üz dərisi həm də bədən sağlamlığı üçün vacib hesab olunur. Gündəlik rasionda tərəvəz və meyvələrin artırılması, şəkər və işlənmiş qidalardan uzaq durmaq da tövsiyə edilir.
Yuxu rejimi
Yuxu dərinin yenilənməsi üçün əsas faktorlardan biridir. Gündə 7-9 saat keyfiyyətli yuxu, gec yatmaqdan qaçınmaq, yuxu rejimini sabit saxlamaq lazımdır.
Fiziki aktivlik
Hərəkət orqanizmin ümumi gəncliyini qorumağa kömək edir. Gündəlik gəzinti, yoqa və pilates, kardio məşqləri, açıq havada aktiv həyat tərzi bədən yaşlanmasını ləngidir.
Stressin idarə olunması
Stress hormonları dərinin qocalma prosesini sürətləndirir. Meditasiya və nəfəs məşqləri, stirahətə vaxt ayırmaq və emosional balansı qorumaq lazımdır.
Zərərli vərdişlərdən uzaq durmaq
Bəzi vərdişlər qocalmanı sürətləndirən əsas amillərdir. Bu mənada siqaret istifadəsindən imtina, alkoqoldan uzaq durmaq və dəriyə zərər verən faktorların azaldılması zəruridir.
Mütəxəssislər bildirir ki, yaşlanma prosesi genetik faktorlarla yanaşı həyat tərzindən də birbaşa asılıdır. Düzgün qulluq, sağlam qidalanma və aktiv həyat tərzi ilə həm üz, həm də bədəndə yaşlanma əhəmiyyətli dərəcədə ləngidilə bilər.
İnci
Sfera.az
