2025-ci ildə 784 uşaq cinayətin qurbanı olub - Baş prokuror

Azərbaycanda ötən il 784 nəfər yetkinlik yaşına çatmayan şəxs müxtəlif cinayət hadisələri üzrə zərərçəkmiş qismində tanınıb.
Sfera.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı məlumat verib.
O bildirib ki, 2025-ci ildə ölkədə 478 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb olunub, 784 nəfər uşaq isə cinayətlərin qurbanı olub.
Baş prokurorun sözlərinə görə, bu göstəricilər digər ölkələrlə müqayisədə yüksək hesab edilməsə də, hər bir uşaqla bağlı baş verən hüquq pozuntusu ciddi narahatlıq doğurur:
“İstənilən neqativ hal, hər hansı cinayət hadisəsi bizi narahat edir. Ona görə də bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik”.
Kamran Əliyev qeyd edib ki, uşaqların hüquqlarının müdafiəsi istiqamətində hüquqi maarifləndirmə mühüm rol oynayır və bu baxımdan uşaqlara hüquqi biliklərin aşılanmasına xidmət edən kitab və vəsaitlərin hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Firuzə Əliyeva
Sfera.az
