"Taksi şoferi kitabxananı yox, şadlıq evini tanıdı" - Fazil Mustafa

Millət vəkili Azərbaycanda kitabxanaların cəmiyyətdəki nüfuzunin zəif olması ilə bağlı maraqlı nümunə açıqlayıb.
Sfera.az xəbər verir ki, deputat Fazil Mustafa Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı yaşadığı bir hadisəni danışıb.
Onun sözlərinə görə, bir dəfə kitabxanaya gedərkən taksi sürücüsü ünvanı tanımayıb.
"Taksi sürücüsünə kitabxananın yerini dedim, bilmədi. Sonra dedim filan şadlıq evinin yanındadır, dərhal başa düşdü. Bizdə hamı şadlıq evinin yanında olan kitabxananı tanıyır, amma kitabxananın yanında olan şadlıq evini yox", - deputat bildirib.
F.Mustafanın fikrincə, kitabxanalar cəmiyyət həyatında daha görünən və cəlbedici məkanlara çevrilməlidir.
Azərbaycanda kitabxana işçilərinin əmək şəraiti və maaşlarının da ciddi problemlər yaratdığını söyləyən millət vəkili qeyd etdi ki, bir çox kitabxanada əməkdaşlar ağır şəraitdə fəaliyyət göstərirlər.
"İstiliyi olmayan kitabxanalarda qışda kitabxanaçı paltonun içində büzüşərək səhərdən axşama qədər işləyir. Maaş isə 420-550 manat arasındadır. Nəqliyyat xərclərini çıxanda əlində çox az vəsait qalır", - o vurğulayıb.
F.Mustafa əlavə edib ki, belə maaşlarla nə gəncləri kitabxana sisteminə cəlb etmək, nə də peşəkar kadrları saxlamaq mümkündür.
Firuzə Əliyeva
Sfera.az
