"Kitabxanalardakı kitabların 60 faizi kiril əlifbasındadır" - Nazir müavini

Azərbaycandakı kitabxana fondlarında mövcud nəşrlərin böyük hissəsi hələ də kiril qrafikasında saxlanılır.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, kitabxana fondlarında olan kitabların 84 faizi Azərbaycan dilindədir, qalan hissə isə əsasən rus dili olmaqla xarici dillərdədir.
Nazir müavini bildirib ki, əsas problemlərdən biri Azərbaycan dilində olan nəşrlərin böyük hissəsinin kiril əlifbasında olmasıdır.
"Kitabxana fondlarında mövcud olan nəşrlərin təxminən 60 faizi kiril qrafikasındadır. Bu, həm oxucuların marağına, həm də fondların istifadəsinə təsir göstərən amillərdən biridir", - o qeyd edib.
F.Cəfərov vurğulayıb ki, kitabxana sisteminin yenilənməsi prosesində fondların müasir tələblərə uyğunlaşdırılması əsas istiqamətlərdən biri olacaq.
Azərbaycanda kitabxanaların rəqəmsallaşdırılması sahəsində ciddi problemlərin də qaldığını deyən nazir müavini qeyd edib ki, beynəlxalq standartlara görə kitabxanalarda internetə çıxış və rəqəmsallaşma səviyyəsi minimum 80 faiz olmalıdır.
"Bizim kitabxana sistemində bu göstərici ən yaxşı halda 20 faizdir. Hətta həmin 20 faiz daxilində belə keyfiyyətli internetə çıxışla bağlı suallar mövcuddur. Demək olar ki, kitabxanalarımızın heç birində fiber-optik internet yoxdur", - nazir müavini vurğulayıb.
F.Cəfərov əlavə edib ki, Türkiyə ilə əməkdaşlıq çərçivəsində tətbiq olunan Koha kitabxana idarəetmə sistemi hazırda 75 mərkəzləşdirilmiş kitabxana sistemində tətbiq edilsə də, bu, ümumi şəbəkənin cəmi 4 faizini əhatə edir.
Firuzə Əliyeva
Sfera.az
