"Onlayn oyunlar uşaqlar üçün ciddi risk yaradır" - Ombudsman

"Ombudsman Aparatının apardığı araşdırmalar son illərdə uşaqlar arasında populyar olan interaktiv platformalar və onlayn oyunların ciddi təhlükələr yaratdığını göstərir".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, uşaqlar üçün nəzərdə tutulan bir çox rəqəmsal platformalarda yaş məhdudiyyətləri formal xarakter daşıyır, effektiv nəzarət mexanizmləri mövcud deyil və şəxsi məlumatların qorunması sahəsində boşluqlar qalır.
"Bu hallar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır", - Ombudsman vurğulayıb.
O əlavə edib ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması üçün dövlət qurumları tərəfindən onlayn platformalara nəzarət gücləndirilməli, risklər hüquqi qiymətləndirilməli və preventiv tədbirlər həyata keçirilməlidir.
Səbinə Əliyeva valideynlərin də məsuliyyətinə diqqət çəkərək bildirib ki, uşaqların internetdən istifadəsinə nəzarət edilməli, onlarla açıq ünsiyyət qurulmalı və virtual mühitdəki təhlükələr barədə maarifləndirmə aparılmalıdır.
Firuzə Əliyeva
Sfera.az
