"Qırılan" uşaqlığın səssiz harayı

"Qırılan" uşaqlığın səssiz harayı
Kateqoriya məlum deyil
T

Keçmişi xatırlayanda indiki dövrlə ən böyük fərqlərdən birinin məhz uşaqlar olduğunu görürük. Bir vaxtlar palçıqdan yemək hazırladığımız, həyətlərdə saatlarla oyun oynadığımız, sadə şeylərlə xoşbəxt olduğumuz günlərin yerini indi qışqırıqlar, kobud davranışlar və səbəbsiz aqressiya alıb. Bu isə təkcə bir ailənin deyil, bütöv cəmiyyətin acı həqiqətinə çevrilib.

 

Bir gün məktəbin qarşısında iki uşağın mübahisəsinə şahid oldum. Onlardan biri sakit və həssas görünürdü, digəri isə olduqca sərt davranırdı. Müəllimlər onların münaqişəsinə yaxınlaşıb səbəbini soruşduqda sakit uşaq göz yaşlarını saxlaya bilmədi. Qarşı tərəf isə heç nə olmamış kimi kobud ifadələr işlədərək “Mən düz edirəm”dedi və oradan uzaqlaşdı.

 

Həmin an düşündüm ki, bəzən bir uşağın aqressiyası onun xarakterindən deyil, yaşadığı mühitdən qaynaqlanır. Hələ həyatın ağır sınaqları ilə qarşılaşmamış bir məktəblinin bu qədər sərt davranmasının arxasında çox zaman ailədə gördüyü sevgisizlik, laqeydlik və gərgin münasibətlər dayanır. Valideynlərin bir-birinə qarşı anlayışsız münasibəti, evdə hökm sürən əsəb və münaqişələr uşağın daxili aləmində dərin yaralar açır.

 

Ən ağrılı tərəfi isə budur ki, cəmiyyət uşağın davranışını görür, amma onun yaşadıqlarını görmür. Belə uşaqlara tez bir zamanda “kobud”, “tərbiyəsiz”, “aqressiv” damğası vurulur. Halbuki heç kim onun hansı qorxu ilə böyüdüyünü, neçə gecəni narahat keçirdiyini, hansı sevgiyə ehtiyac duyduğunu düşünmür.

 

Müasir dövrdə texnologiyanın sürətli inkişafı da uşaqların dünyasını dəyişdirib. Sosial şəbəkələr, aqressiv məzmunlu oyunlar və virtual aləm uşaqları bir-birindən uzaq salıb. Əvvəllər həyətlərdən gələn uşaq gülüşlərini indi telefon ekranlarının səssizliyi əvəz edir. Uşaqlar artıq birlikdə vaxt keçirmək, paylaşmaq və canlı ünsiyyət qurmaq əvəzinə daha çox virtual dünyanın təsiri altında böyüyürlər.

 

Bugünkü stresli və gərgin cəmiyyətdə uşaqların sevgidən uzaq böyüməsi, şahid olduqları kobud davranışları zamanla öz xarakterlərinə çevirməsi gələcək üçün ciddi təhlükə yaradır. Çünki uşaqlar gördüyünü mənimsəyir, hiss etdiyini isə davranışında göstərir.

 

Əslində, aqressiv uşaqlar pis uşaqlar deyillər. Onlar sadəcə vaxtında anlayış görməyən, sevgisi yarım qalan uşaqlardır. Bəzən bir uşağın əlindən tutmaq, onu dinləmək və ona dəyər vermək uzun nəsihətlərdən daha güclü təsir göstərir. Çünki uşaqları formalaşdıran yalnız zaman deyil, onlara göstərilən münasibətdir.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ