“İzmir” restoranı ilə bağlı yeni qətnamə: İş yenidən araşdırılacaq

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında yerləşən “İzmir Residence” yaşayış kompleksinin sakinləri 3 ildir davam edən səs kirliliyindən şikayətçidir. Əraziyə yaxın hissədə yerləşən “İzmir” restoranının fəaliyyəti sakinlərin normal yaşayışına ciddi problemlər yaradır. Artıq neçə ildir ki, restoranda yüksək səslə musiqinin səsləndirilməsi və normadan artıq səs titrəmələri kompleksdə yaşayan insanların sağlamlığına ciddi təhlükədir.
Sakinlər dəfələrlə “İzmir” restoranı ilə bağlı məhkəməyə və aidiyyəti icra orqanlarına müraciət etsələr də, restoran sahibi məhkəmə qərarlarına əməl etmir. Bir sözlə, qəbul edilən qərarlar restoranın fəaliyyətində hər hansı dəyişiklik yaratmır.
Sfera.az xəbər verir ki, 2025-ci ilin yanvarında Yasamal Rayon Məhkəməsi (İş № e-2(004)-322/2025) restoranın fəaliyyətinə məhdudiyyət qoyub.
Qərara əsasən, restoranda səhər saat 07:00-dan 23:00-dək səs səviyyəsi maksimum 60 desibel olmalı, saat 23:00-dan sonra isə musiqi tamamilə dayandırılmalıdır. Buna baxmayaraq, “İzmir” restoranı həmin qərardan apellyasiya şikayəti verib. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-fonoskopik ekspertiza tədqiqatının nəticələrinə əsasən, 10.09.2025-ci il tarixli aktda qeyd olunub ki, mənzildə səs-küy səviyyəsi xüsusi avadanlıq vasitəsilə ölçülüb və müəyyən edilib ki, qonşuluqda yerləşən “İzmir” restoranının fəaliyyəti nəticəsində yaranan səs-küy normadan artıqdır.
14 oktyabr 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Lakin restoran rəhbərliyi qərarlara məhəl qoymayaraq işi Ali Məhkəməyə qədər aparıb. Ali Məhkəmədə hakim Vüsalə Baxışovanın sədrliyi ilə 30 aprel 2026-cı ildə keçirilən iclasda qətnamə qəbul edilib. Qətnaməyə əsasən, əvvəlki məhkəmə aktı tam ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Beləliklə, Ali Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Yasamal Rayon Məhkəməsinin restoranın fəaliyyətinin sakinlərin yaşayış hüquqlarını və normalarını pozduğuna dair təqdim etdiyi faktları yekun qərar üçün yetərli hesab etməyib və işi yenidən araşdırılması üçün geri göndərib.
Sfera.az məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlayıb. Qurumdan verilən cavabda bildirilib ki, həmin ərazidə yaşayan sakinlərin sağlamlığına təhlükə yaradan vəziyyətlə bağlı müraciətlərə baxılıb və obyekt sahibinə dəfələrlə xəbərdarlıq edilib:
“Məsələ ilə əlaqədar obyekt sahibinə dəfələrlə xəbərdarlıq edilmiş, qanunvericiliyin tələblərinə əməl olunması tələb olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan yoxlamalar əsasında səs-küyün və vibrasiyanın normadan dəfələrlə artıq olduğu sübut edilmişdir. Qeyd olunan məsələ məhkəmə predmetidir. Restoran sahibi məhkəmələrin və digər aidiyyəti qurumların qərar və xəbərdarlıqlarına məhəl qoymayaraq səs-küyü davam etdirir və işi Ali Məhkəməyə qədər aparıb. Eyni zamanda aidiyyəti polis orqanı tərəfindən ictimai asayişin pozulmasına görə cərimə tətbiq edilmişdir”.
Sakinlər isə Ali Məhkəmənin qərarından narazı olduqlarını bildiriblər. Onların sözlərinə görə, illərdir davam edən səs-küy səbəbindən yaşayış şəraiti dözülməz həddə çatıb. "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına baxmayaraq, “İzmir” restoranının sahibi fəaliyyətini davam etdirir və qanunlara əməl etmir. Sakinlər müxtəlif dövlət qurumlarının apardığı yoxlamalar zamanı səs-küyün normadan artıq olması təsdiqləndiyi halda, problemin hələ də həllini tapmamasına etiraz edərək, artıq mitinq etmək istədiklərini bildiriblər. Sakinlər aidiyyəti qurumları məhkəmə qərarlarının icrasına nəzarəti gücləndirməyə və problemin qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlər görməyə çağırırlar.
Bəsti Rəfizadə
Sfera.az

