Gənclərin dəyərləri dəyişir: Yeni baxışlar formalaşır - AÇIQLAMA

Gənclər arasında sosial və mədəni mövzulara maraq xeyli artıb. Xüsusilə fərqli həyat tərzi olan insanların paylaşımları daha çox diqqət çəkir və müzakirə olunur. Bu mövzular gənclər tərəfindən müntəzəm izlənilir və yayılır. Yeni tendensiya onların dünyaya baxışının dəyişdiyini, gənclərin fərqli olanı qəbul etməyə və anlamağa daha həvəsli olduqlarını göstərir.
Sosial şəbəkələrdə fərqli həyat tərzlərinin geniş yayılması gənclərin dəyərlərinə və sosial mövzulara yanaşmasına necə təsir göstərir?
Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, gənclərin sosial və mədəni məsələlərə marağının artması ümumilikdə müsbət göstəricidir:
“Bu tendensiya onların davranış və fəaliyyətində də özünü göstərir. Sosial-mədəni təsirlər kompleks şəkildə nəzərə alınmalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu təsirlər bu gün sosial şəbəkələr vasitəsilə formalaşır. Müasir texnologiyalar, internet və yeni ünsiyyət vasitələri insanların mədəni düşüncələrini, təsəvvürlərini və yanaşmalarını dəyişmək, yenidən formalaşdırmaq imkanı yaradır. Eyni zamanda, 3D, 5D və 7D texnologiyaları məkan məhdudiyyətlərini aradan qaldıraraq insanların müxtəlif ölkələri, sivilizasiyaları, tarixi məkanları və hətta kosmosu uzaqdan izləməsinə şərait yaradır. Bu isə yeni dəyərlərin və baxışların yaranmasına təsir edir. Məsələn, Afrikadan olan bir gəncin Azərbaycanın milli yallı rəqsini ifa etməsi və ya əksinə, Afrika musiqisinin Şərqdə populyarlaşması artıq qlobal mədəni inteqrasiyanın göstəricisidir. Bu kimi hallar texnologiyanın yaratdığı yeni ünsiyyət mühitinin nəticəsidir və mədəniyyətlərarası sərhədlərin zəiflədiyini göstərir”.

Sosioloq əlavə edib ki, gənclərin yeniliklərə, kreativliyə və fərqli dəyərlərə açıq olması təbii və anlaşılandır. Lakin bütün hallarda müəyyən tənzimləmə mexanizmləri və sosial nəzarət vacibdir:
“Yeni dəyərləri qəbul edərkən onları "müsbət süzgəcdən" keçirmək zəruridir. Bu prosesdə media, təbliğat vasitələri, sosial idarəetmə strukturları, eləcə də Mədəniyyət Nazirliyi və digər müvafiq qurumlar mühüm rol oynayır. Gənclər üçün peşə mədəniyyəti, karyera və innovasiyalar artıq bir mədəni trendə çevrilib. Bu nümunələrin düzgün istiqamətdə təqdim olunması üçün sistemli yanaşmaya ehtiyac var. Bəzi qruplar bu prosesi effektiv idarə edə bilsə də, digərləri daha çox hadisələrin axınına uyğunlaşır. Bu kontekstdə "kütlə mədəniyyəti" və ya "vulqar mədəniyyət" anlayışları da aktuallaşır. Kütləvi olanın cəlbediciliyi gənclər arasında daha sürətlə yayılır. Əsas məsələ bu təsirin necə tənzimlənməsi və düzgün təqdim olunmasıdır. Düşünülmədən qəbul edilən təsirlər bəzən yanlış davranışlara və normadan kənar hərəkətlərə səbəb ola bilər. Bu baxımdan cəmiyyətin sosial dayanıqlılığı, mühafizəkarlıq elementləri və müsbət ənənələrə bağlılığı qorunmalıdır. Milli dəyərlərin önə çəkilməsi hər zaman vacibdir. Bu dəyərlər gənclərə aşılanmalı, gənclər də bu istiqamətdə daha şüurlu və praktik mövqe sərgiləməlidirlər”.
Fidan Hacızadə
Sfera.az
