"Əlillik təyinatı ilə bağlı çətinliklər var" – Razi Nurullayev

"Əlillik təyinatı ilə bağlı çətinliklər var" – Razi Nurullayev
Kateqoriya məlum deyil
T

"Son dövrlərdə seçicilərlə görüşlərim zamanı ən çox səslənən problemlərdən biri əlillik təyinatı ilə bağlı yaranan çətinliklərdir. Bu məsələ xüsusilə ağır xəstəliyi olan insanlar və müharibə veteranları üçün ciddi narahatlıq doğurur".


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.


"Onlarla insanla görüşürəm. Vətəndaşlar bildirirlər ki, tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər, elektron sistemdə müraciətin göndərilməsi və qərarın verilməsini gözləmək çox vaxt aylarla çəkir. Bəzi hallarda isə vətəndaşlar aldıqları qərarla razılaşmadıqları üçün yenidən müraciət etməyə məcbur qalırlar. Bu proses həm fiziki, həm də psixoloji baxımdan onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır.
Xüsusilə diqqətçəkən məqam odur ki, bu problemlərlə müharibə veteranları da üzləşir. Sağlamlığını itirmiş insanlar bəzən uzun müddət əlillik dərəcəsinin müəyyən olunmasını gözləyir və ya qərarla bağlı suallar yaranır. Cəmiyyətdə və sosial şəbəkələrdə yayılan müraciətlər də göstərir ki, bu məsələ tək-tək hallar deyil, daha geniş bir problemin əlamətidir.
Əlbəttə, etiraf etməliyik ki, son illər sosial müdafiə sahəsində mühüm islahatlar həyata keçirilib. Əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından vacib addım idi. Lakin praktikada görünür ki, mexanizm hələ də bütün hallarda vətəndaş üçün rahat və operativ işləyə bilmir", – R. Nurullayev qeyd edib.


Millət vəkili bildirib ki, bu sahədə bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir:


"İlk növbədə, əlillik təyinatı prosedurları daha sadə və vətəndaşyönümlü olmalıdır. Tibbi sənədlərin toplanması və sistemə daxil edilməsi prosesində insanları uzun və yorucu prosedurlarla üz-üzə qoymaq olmaz.
İkincisi, xüsusilə müharibə veteranları, ağır xəstələr və sosial baxımdan həssas qruplar üçün sürətləndirilmiş mexanizm tətbiq olunmalıdır. Bu insanlar aylarla qərar gözləməməlidirlər.
Üçüncüsü isə vətəndaşın verilən qərarla razılaşmadığı hallarda daha operativ və şəffaf apellyasiya mexanizmi təmin edilməlidir. Hesab edirəm ki, əlillik məsələsinə yalnız texniki prosedur kimi yox, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmalıyıq".


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ