“QR” kodları ilə bağlı təhlükələr: Diqqətli olun!

Son dövrlərdə gündəlik həyatda tez-tez istifadə etdiyimiz “QR” kodlar fırıldaqçıların yeni hədəfinə çevrilib. İstifadəçilər saxta “QR” kodlar vasitəsilə telefonlarına zərərli proqram təminatı yükləyir və şəxsi məlumatlarını itirirlər. Restoranlardan ticarət obyektlərinə, bank əməliyyatlarından ATM-lərə qədər geniş sahələrdə istifadə edilən bu texnologiya artıq ciddi risklər daşıyır.
Sfera.az xəbər verir ki, bəzən “QR” kodları skan edən istifadəçilər təhlükəsiz ödəniş sistemlərinə deyil, zərərli proqramların yüklənməsi üçün saxta linklərə yönləndirilirlər.
İT mütəxəssisi Emre Çelikkol bu üsulun cihazlar üçün böyük təhlükə yaratdığını vurğulayır:
“Skan edilmiş saxta “QR” kodlar çox vaxt real bank sisteminə qoşulmur, əksinə, istifadəçilərin cihazlarına virus yükləyərək onların şəxsi məlumatlarını ələ keçirir”.
Quraşdırılmış zərərli proqram təminatı telefona tam nəzarəti təmin edə bilər. Bu proqramlar fotoqalereyaya, mesajlara, “WhatsApp” yazışmalarına, zəng tarixçəsinə və cihazın texniki məlumatlarına daxil olur. Nəticədə fırıldaqçılar bank hesablarına və digər gizli məlumatlara çıxış əldə edirlər.
Buna görə də mütəxəssislər ictimai yerlərdə rast gəlinən və mənbəyi bəlli olmayan “QR” kodlardan istifadə etməməyi tövsiyə edirlər. Onlar xüsusilə bank əməliyyatları üçün kartdan birbaşa istifadə etməyin daha təhlükəsiz olduğunu bildirirlər.
Əgər bir istifadəçi bu cür fırıldaqçılıqla qarşılaşarsa, ilk növbədə telefondakı parolları silməli, cihazı təyyarə rejiminə keçirməli və heç bir əməliyyat etməməlidir. Daha sonra antivirus proqramı vasitəsilə cihazı tamamilə sıfırlamaq və yeni e-poçt ünvanı ilə sistemi yenidən qurmaq məsləhət görülür.
Mənsumə
Sfera.az
