Qəbul imtahanlarında stress: Şagirdlər niyə narahat olur?

Qəbul imtahanlarında stress: Şagirdlər niyə narahat olur?
Kateqoriya məlum deyil
T

11-ci siniflər üçün qəbul imtahanlarının ilk mərhələsi artıq başlayıb. Belə ki, ötən gün bəzi rayon və şəhər məktəblərinin şagirdləri imtahan veriblər. Bu dövr bir çox abituriyent üçün həyəcanlı və məsuliyyətli mərhələ hesab olunur. İmtahanlara hazırlıq prosesi, yüksək gözləntilər və nəticə ilə bağlı narahatlıq isə şagird və tələbələrdə psixoloji gərginlik və stress yarada bilər.

 

Bəs imtahan dövründə yaranan stressin əsas səbəbləri nələrdir və bununla necə mübarizə aparmaq olar? İmtahan dövründə şagird və tələbələrdə yaranan stressin əsas səbəbləri nələrdir və psixoloqlar bu gərginliyin azaldılması üçün hansı üsulları tövsiyə edirlər?

 

Neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlamasında bildirib ki, imtahan dövrü şagird və tələbələrin həyatında həm akademik, həm də emosional baxımdan ən həssas mərhələlərdən biridir.

 

Onun sözlərinə görə, bu dövrdə gənclər yalnız biliklərini nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda gələcəkləri ilə bağlı narahatlıq, sosial gözləntilər və ailə təzyiqi ilə də üzləşirlər:

 

“Psixoloji araşdırmalar göstərir ki, imtahan stresinin müəyyən səviyyəsi motivasiya yaratsa da, həddindən artıq olduqda həm akademik performansa, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Bu vəziyyət yalnız emosional gərginliklə məhdudlaşmır, eyni zamanda beynin fəaliyyətində də müəyyən dəyişikliklərə səbəb olur. Buna görə də imtahan stresini yalnız psixoloji deyil, həm də neyropsixoloji baxımdan anlamaq vacibdir. Stress insan orqanizminin təhlükə və ya təzyiqə qarşı verdiyi təbii reaksiyadır. İmtahan zamanı yaranan narahatlıq beynin bir neçə mühüm strukturu ilə əlaqədardır. Amigdala beynin emosional reaksiyalarına cavabdeh olan əsas mərkəzlərdən biridir. İmtahan vəziyyəti təhlükə kimi qəbul edildikdə amigdala aktivləşir və stress reaksiyasını başladır. Bu zaman orqanizmdə stress hormonları, xüsusilə kortizol və adrenalin ifraz olunur. Bu hormonlar qısa müddətdə diqqəti və ayıqlığı artıra bilər. Hipokampus yaddaş və öyrənmə prosesləri ilə əlaqəli beyin strukturu kimi tanınır. Kortizol səviyyəsinin uzun müddət yüksək olması hipokampusun fəaliyyətini zəiflədə bilər. Bu səbəbdən bəzi şagirdlər imtahan zamanı bildikləri məlumatı xatırlamaqda çətinlik çəkirlər. Bu vəziyyət gündəlik həyatda “imtahan zamanı hər şeyi unutmaq” kimi təsvir olunur. Prefrontal korteks isə planlaşdırma, qərarvermə və diqqətin idarə olunması kimi yüksək koqnitiv funksiyalara cavabdehdir. Güclü stress vəziyyətində amigdala daha aktiv olur və prefrontal korteksin fəaliyyəti zəifləyə bilər. Bu da diqqətin dağılması, qərar verməkdə çətinlik və konsentrasiya problemlərinə səbəb olur”. 

 


Müsahibimiz qeyd edib ki, valideyn təzyiqi və imtahan stressi arasındakı əlaqə-imtahan stressinin yaranmasında ailə mühitinin rolu xüsusilə böyükdür:


“Valideynlərin yüksək gözləntiləri bəzi hallarda uşaqlar üçün motivasiya mənbəyi olsa da, həddindən artıq təzyiq psixoloji gərginliyi artırır. Bir çox hallarda valideynlər övladlarının uğurlu olmasını istəyərkən fərqində olmadan onlarda performans qorxusu yarada bilirlər. “Mütləq yüksək bal toplamalısan”, “biz səndən bunu gözləyirik” kimi ifadələr uşaqlarda uğursuzluq qorxusunu gücləndirə bilər. Bu vəziyyət şagirdin imtahanı bilik nümayiş etdirmək fürsəti kimi deyil, uğursuzluqdan qaçmalı olduğu təhlükəli bir vəziyyət kimi qəbul etməsinə səbəb olur. Psixoloji araşdırmalar göstərir ki, valideyn təzyiqi yüksək olan uşaqlarda performans narahatlığı və özünə inamsızlıq daha çox müşahidə olunur. Bu zaman uşaqlar öz dəyərlərini imtahan nəticələri ilə əlaqələndirməyə başlayırlar. Nəticədə imtahan yalnız akademik yoxlama vasitəsi deyil, həm də özünü təsdiq etmə vasitəsinə çevrilir. Bu cür psixoloji vəziyyət beyində stress reaksiyasını gücləndirir və nəticədə stress hormonlarının səviyyəsi artır və bu da diqqət və yaddaş funksiyalarını zəiflədə bilər. İmtahan stressi müxtəlif formalarda özünü göstərə bilər. Ən çox rast gəlinən əlamətlər aşağıdakılardır: güclü narahatlıq və gərginlik, hissi-diqqət və konsentrasiya çətinliyi, unutqanlıq, ürək döyüntüsünün sürətlənməsi, tərləmə və fiziki gərginlik, baş və ya mədə ağrıları, motivasiyanın azalması. Bu əlamətlər xüsusilə imtahan yaxınlaşdıqca daha da intensivləşə bilər”.

 

A.Aslan bildirib ki, imtahan stresinin idarə olunması üçün bir sıra psixoloji və davranış yönümlü strategiyalar mövcuddur:


“Əvvəlcə planlı və sistemli hazırlıq mühüm rol oynayır. Dərs materialının kiçik hissələrə bölünərək planlı şəkildə öyrənilməsi şagirdə nəzarət hissi verir və qeyri-müəyyənliyi azaldır. Nəfəs və relaksasiya texnikaları da stressin azaldılmasında təsirlidir. Dərin nəfəs alma, qısa meditasiya və bədən rahatlama məşqləri sinir sistemini sakitləşdirir və kortizol səviyyəsinin azalmasına kömək edir. Bundan əlavə, müsbət və realist düşüncə tərzinin formalaşdırılması vacibdir. “Uğursuz olsam hər şey bitəcək” kimi düşüncələr əvəzinə “əlimdən gələni edəcəyəm və imtahan nəticəm mənim dəyərimi müəyyən etmir” kimi düşüncələr psixoloji gərginliyi azalda bilər. Sağlam həyat tərzi də böyük əhəmiyyət daşıyır. Kifayət qədər yuxu, balanslı qidalanma və fiziki aktivlik beynin koqnitiv funksiyalarını gücləndirir və stressə qarşı davamlılığı artırır. Valideynlərin rolu da bu prosesdə çox vacibdir. Uşaqların yalnız nəticələrinə deyil, səylərinə də dəyər vermək, onları müqayisə etməmək və emosional dəstək göstərmək imtahan stresinin azalmasına kömək edir. Sonda qeyd edim ki, imtahan uğur qazanmaq üçün yeganə komponent deyil! Əsl uğur öyrənmək, inkişaf etmək və səhvlərdən dərs çıxarmaqdır. Unutmayaq ki, həyatın ən böyük dərsləri imtahan kağızında deyil, təcrübədə yazılır. Konfukiusun dediyi kimi “Uğur son deyil, səhv isə məğlubiyyət deyil! önəmli olan davam etmək cəsarətidir".

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ