Yaz tətilində turistlər ən çox bu istiqamətlərə üz tutacaq

Qarşıdan 10 günlük uzun bayram tətili gəlir. Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi ilə əlaqədar ölkədə uzunmüddətli istirahət günləri elan olunub. Bu isə istər-istəməz turizm sektorunda müəyyən canlanma gözləntiləri yaradıb.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə çalışanlar üçün 31 mart tarixinədək ümumilikdə 11 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 28 mart tarixinədək ümumilikdə 8 gün qeyri-iş günü olacaq.
Bəs, uzun bayram tətili turizm sektoruna necə təsir göstərəcək? İnsanlar bu müddətdə daha çox hara üz tutacaqlar?
Bu haqda Sfera.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayevin sözlərinə görə, tətil müddətində paytaxt sakinləri əsasən bölgələrə üz tutur, bölgələrdə yaşayan insanlar isə paytaxta və digər turizm mərkəzlərinə səfər etməyə üstünlük verirlər:

“Lakin, çox təəssüf ki, regionda, yaxın ərazilərdə baş verən münaqişə və müharibə bir çox insanın planlarını pozdu. Planlaşdırdıqları və aldıqları səfər paketlərini, tur paketlərini ləğv etdilər. Ona görə də düşünürəm ki, prioritet olaraq bölgələrdəki otellər daha çox satılacaq və qısa müddətdə dolacaq. Çünki bu aylarda isti ölkələrə, Yaxın Şərqə, Misirə, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə və Maldiv adalarına səfər planlaşdıran insanların əksəriyyəti, təyyarə reyslərinin ləğv olunması, hava limanlarının bağlanması və ya məhdud fəaliyyət göstərməsi səbəbindən səfər edə bilməyəcəklər. Ona görə də üstünlük bölgələrdəki mehmanxanalara və turizm obyektlərinə veriləcək. Azərbaycan daxilində də, bildiyiniz kimi, ən çox istirahət edən insanlar paytaxt sakinləridir. Paytaxt sakinləri bölgələrə gedərkən, təbii ki, əvvəlcə ən yaxın istiqamətləri seçirlər. Ondan sonra isə tədricən daha uzaq məsafələrə üstünlük verirlər”.
Ekspert qış turizminin hələ də aktiv olduğu üçün turistlərin hansı bölgələrə səfər etdiklərini də qeyd edib:
“Ən çox insan Qusar rayonunda yerləşən və fəaliyyət göstərən Şahdağ Qış-Yay Turizm Kompleksi istiqamətini seçəcək. Yəni şimal bölgəsi Quba, şimal-qərbdə isə Şamaxı, İsmayıllı, Qəbələ və Şəki istiqamətlərində daha çox axın olacaq. Bundan sonra digər bölgələrimizə, qərb bölgəsinə, Gəncəyə, Göygölə, Mingəçevirə, cənubda isə Lənkərana doğru da turist axını olacaq. Azərbaycanın ayrılmaz hissəsi və işğaldan azad olunmuş bölgəsi Qarabağa və Şərqi Zəngəzura da axın olacaq.Təbii ki, bölgələrdəki mehmanxanaların və yataq yerlərinin sayı məhdud olduğu üçün onlar qısa müddətdə dolacaq. Ona görə də yəqin ki, bu 10 günlük tətil müddətində bəzi ailələr 2-3 gecə istirahət edib geri qayıdacaqlar, sonra isə digər insanlar və ailələr həmin yerlərə gedəcəklər. Beləliklə, müəyyən balans qorunacaq və rezervasiyalar davam edəcək”.
Bəsti Rəfizadə
Sfera.az
