Ağdamın səsini dünya eşitdi: Qlobal forumda xüsusi təqdimat - VİDEO

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhər Forumu çərçivəsində Qarabağın gözəl guşələrindən sayılan Ağdam şəhərinə həsr olunmuş xüsusi sənədli film təqdim edilib. Qlobal miqyasda şəhərsalma, davamlı inkişaf və post-münaqişə bərpası sahəsində ən nüfuzlu platformalardan biri hesab edilən forum bu dəfə diqqəti işğaldan azad edilmiş ərazilərin mərkəzində yerləşən Ağdamın dirçəliş prosesinə yönəldib.
Sfera.az xəbər verir ki, Forumun silsilə buraxılışının beşinci epizodunda Ağdamın dağıntılardan müasir və dayanıqlı şəhər modelinə doğru keçdiyi yol geniş şəkildə nümayiş etdirilib.
Ekran işində vurğulanıb ki, şəhər bu gün Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma strategiyasının əsas simvollarından birinə çevrilib və azad edilmiş ərazilərin inkişaf konsepsiyasında mərkəzi yer tutur.
Sənədli film üçqat “Emmy” mükafatı laureatı Fred Naccache tərəfindən ərsəyə gətirilib. Buraxılışda Ağdamın yenidən qurulması prosesi post-münaqişə urbanizasiya nümunəsi kimi təqdim olunub, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, müasir infrastrukturun qurulması, memarlıq irsinin qorunması və “ağıllı şəhər” konsepsiyasının reallaşdırılması ətraflı şəkildə işıqlandırılıb.
Filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam, Füzuli və Xocavənd şəhərləri üzrə xüsusi nümayəndəsi Emin Hüseynovla eksklüziv müsahibə də yer alıb. Müsahibədə şəhərin baş planı, həyata keçirilən layihələr, investisiya imkanları və gələcək inkişaf perspektivləri barədə geniş məlumat verilib. Həmçinin, layihədə Ağdamın tarixi-mədəni irsinə də xüsusi diqqət ayrılıb. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidinin yenidən qurulması və Şahbulaq qalasının tarixi əhəmiyyəti geniş şəkildə təqdim olunub. Qarabağın simvolu sayılan “Qarabağ” futbol klubuna həsr olunan hissədə isə komandanın bölgənin ictimai-mənəvi həyatındakı rolu vurğulanıb. Bununla yanaşı, filmdə Ağdamın yeni yaşayış kompleksləri, Sənaye Parkı, Dəmir Yolu Vağzalı və Avtovağzal Kompleksi, “Azərenerji”nin Regional Rəqəmsal İdarəetmə və Təlim Mərkəzi, eləcə də Muğam Mərkəzi haqqında geniş məlumat təqdim edilib. Ağdam Muğam Triosunun ifaları ekran işinə xüsusi bədii çalar qatıb. Bu, Azərbaycan muğamının, ədəbiyyatının və incəsənətinin dünyaya tanıdılması üçün xüsusi addım olub. Sənədli film Ağdamın təkcə fiziki deyil, həm də sosial-iqtisadi və mədəni baxımdan yenidən doğuluşunu beynəlxalq ictimaiyyətə çatdıraraq, şəhəri dayanıqlı və innovativ inkişaf modelinin nümunəsi kimi təqdim edib.
Bəsti Rəfizadə
Sfera.az
