Tramp azərbaycanlı tələbəni azadlığa buraxdırdı

ABŞ siyasətçisi Zohran Mamdani Nyu-Yorkda İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti – ICE tərəfindən saxlanılan tələbənin azadlığa buraxılması üçün ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb.
Sfera.az xəbər verir ki, məlumata görə, əslən azərbaycanlı Elmina Ağayeva cümə axşamı səhər saatlarında saxlanılıb. Mamdaninin müdaxiləsindən sonra tələbə elə həmin gün günortadan sonra sərbəst buraxılıb. Saxlanmanın qanunsuz olduğu iddia edilir.
Columbia University-də baş verən hadisə ABŞ-də immiqrasiya siyasəti və ali təhsil müəssisələrində təhlükəsizlik məsələləri ətrafında yeni müzakirələrə yol açıb. Məlumata görə, federal qurum əməkdaşları məhkəmə qərarı təqdim etmədən kampusun ictimaiyyət üçün qapalı olan hissəsinə daxil olaraq saxlanma əməliyyatı həyata keçiriblər.
Baş verənlər universitet ərazisində narazılıqlara səbəb olub. Yüzlərlə tələbə yataqxananın önünə toplaşaraq Ağayevanın azad edilməsini və tələbə hüquqlarının təmin olunmasını tələb edib. Universitet administrasiyası açıqlamasında Elmina Ağayevanın artıq sərbəst buraxıldığını və yenidən yataqxanaya qayıtdığını bəyan edib. Bununla belə, rəhbərlik və müdafiə tərəfi hakim tərəfindən imzalanmış order olmadan şəxsi məkana daxil olmağın qanunvericiliyə zidd olduğunu vurğulayıb.










