Kərə yağı və süd məhsulları bahalaşacaq? - "Qiymət riski..."

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal olunub.
Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azdır. Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı isə cəmi 74,2 ton təşkil edib. Eyni zamanda ölkədə heyvandarlıq sektorunda da azalma müşahidə olunur. Bu il yanvarın 1-nə olan məlumata görə, iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% (30,1 min baş), xırdabuynuzlu heyvanların sayı isə 2% (138,7 min baş) azalıb. Qeyd edək ki, ötən il ölkəyə 33 milyon 51,71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457,62 min ABŞ dolları dəyərində isə 115 301 baş diri iribuynuzlu heyvan gətirilib.
Bu tendensiya davam edərsə, Azərbaycan süd məhsullarında idxaldan asılı vəziyyətə düşə bilərmi? Yaxın aylarda kərə yağı və digər süd məhsullarının bahalaşması gözlənilirmi?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə əsasən, qeyd olunan azalma bazar iqtisadiyyatının struktur problemlərinin formalaşdığını göstərir:

“Xüsusilə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatının cəmi 74,2 ton olması daxili bazarda təklif imkanlarının məhdudlaşdığını və tələb artımı halında qiymət təzyiqinin formalaşa biləcəyini göstərir. Tarixi təcrübəyə nəzər salsaq görərik ki, SSRİ dövründə Azərbaycanın heyvandarlıq və süd məhsulları istehsalında dağlıq və yaylaq rayonlarının xüsusi rolu olub. Xüsusilə Kəlbəcər, Laçın və Dağlıq Qarabağ ərazisində yerləşən təsərrüfatlar ölkənin kərə yağı, pendir və digər süd məhsullarına olan tələbatının ödənilməsində mühüm paya malik idi. Bu bölgələrin geniş təbii otlaq sahələrinə malik olması, yem xərclərinin nisbətən aşağı olması və heyvandarlığın ənənəvi sahə kimi inkişaf etməsi daxili bazarın yerli istehsal hesabına təmin olunmasına ciddi töhfə verirdi. Lakin son onilliklər ərzində bu ənənəvi heyvandarlıq zonalarının istehsal potensialının zəifləməsi, struktur dəyişikliklər və ümumilikdə sektorda rentabelliyin azalması nəticəsində ölkənin süd məhsulları üzrə daxili təminat imkanları zəifləyib. Nəticədə hazırda diri heyvan idxalının artması və bəzi süd məhsulları üzrə xarici bazarlardan asılılıq meyilləri müşahidə olunur”.
Ekspert yaxın aylarda kərə yağı və digər süd məhsullarının qiymətlərində artım ehtimalının yüksək olduğunu bildirib:
“Bunun əsas səbəbləri daxili istehsalın azalması, xammal bazasının zəifləməsi və istehsal xərclərinin artması ilə bağlıdır. Xüsusilə kərə yağı kimi yüksək süd tutumlu məhsullarda qiymət artımı riski daha yüksəkdir. Əgər heyvandarlıq sektorunun inkişafı istiqamətində sistemli və məqsədyönlü dəstək tədbirləri gücləndirilməzsə, orta müddətli perspektivdə Azərbaycanın süd və süd məhsulları üzrə idxaldan asılılığının artması riski real olaraq qalacaq. Bu baxımdan ənənəvi heyvandarlıq rayonlarının potensialının yenidən bərpası, yem bazasının inkişafı və fermerlərin iqtisadi stimullaşdırılması strateji əhəmiyyət daşıyır”.
Bəsti Rəfizadə
Sfera.az
