Orucluqda imsak şərtdir, yoxsa?

Ramazan ayında ən çox müzakirə olunan məsələlərdən biri də imsak vaxtı ilə bağlıdır.
Sfera.az xəbər verir ki, bəzi insanlar imsak vaxtı keçdikdən sonra yemək yeməyin orucu pozduğunu düşünür, digərləri isə əsas vaxtın sübh azanı olduğunu bildirir. Mövzu ilə bağlı ilahiyyatçılar və fiqh mənbələri fərqli məqamlara aydınlıq gətirir.
İslamda orucun başlanma vaxtı sübh namazının vaxtı, yəni fəcrin daxil olması ilə müəyyən edilir. Bu barədə Qurani-Kərimin Qurani-Kərim “Bəqərə” surəsinin 187-ci ayəsində bildirilir ki, “dan yeri ağarıncaya qədər yeyib-içə bilərsiniz”. Bu ifadə əsas vaxtın məhz sübh çağı olduğunu göstərir.
Təqvimlərdə göstərilən “imsak vaxtı” adətən ehtiyat məqsədilə sübh azanından bir neçə dəqiqə əvvəl qeyd olunur. Məqsəd insanların vaxtı gecikdirməməsi və səhvən azandan sonra yemək yeməməsidir. Lakin fiqh baxımından əsas meyar fəcr vaxtının daxil olmasıdır. Əgər bir şəxs sahura qalxmasa və ya imsak vaxtına diqqət etməsə, lakin sübh azanı daxil olmamışdan əvvəl yemək-içməyi dayandırsa, onun orucu etibarlı sayılır. Sahur etmək sünnə əməl hesab olunur, vacib şərt deyil.
Bununla yanaşı, azan vaxtı daxil olduqdan sonra qəsdən yemək və ya içmək isə orucu pozur və həmin günün qəzası vacib olur. Nəticə etibarilə, imsak vaxtı daha çox ehtiyat xarakteri daşıyır. Şəriət baxımından əsas olan sübh azanı, yəni fəcr vaxtıdır. İmsak etmədən, lakin azan daxil olmamışdan əvvəl yeməyi dayandırmaqla tutulan oruc dini baxımdan düzgün hesab edilir.
Niyaz Hacıyev
Sfera.az
