Bu şəxslər 2000 manatadək cərimə olunacaq

Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahələrində dövlət nəzarəti həyata keçiriləcək.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək. Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Layihəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcəklər.
Sənədə əsasən, eyni inzibati xəta üzrə vəzifəli şəxslər üçün 1 000 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər üçün isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə müəyyən edilir. Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilə biləcək.
Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçiriləcək. Qeyd edək ki, qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın İxracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az
