Gənclərin görünməz yükü: Niyə çox düşünürlər? - AÇIQLAMA

Gənclərin görünməz yükü: Niyə çox düşünürlər? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Gənclər arasında həddindən artıq düşünmə (overthinking) geniş yayılmış psixoloji hallardan birinə çevrilib. Xüsusilə sürətli informasiya axını, sosial şəbəkələrin təsiri və gələcəklə bağlı qeyri-müəyyənlik bu vəziyyəti daha da gücləndirir. Gənclər tez-tez verdikləri qərarları, dedikləri sözləri və ya başqalarının onlar haqqında nə düşündüyünü saatlarla analiz edirlər.


Bəs həddindən artıq düşünmənin əsas səbəbləri nələrdir? Bu hal uzun müddət davam etdikdə hansı psixoloji nəticələrə gətirib çıxara bilər?


Sfera.az-a bu haqda açıqlama verən psixoloq Aytən Ələkbərova gənclər arasında həddindən artıq düşünməyin əslində psixoloji olaraq çox normal bir hal olduğunu deyib:

 


“Çünki düşünməyin daxilində insan, ilk olaraq, 'mən' konsepsiyasına uyğun addımlar atır. 'Mən kiməm?' sualının cavabını əvvəlcə özü üçün tapmağa çalışır və bunu analiz etməyə başlayır. Bu proses zamanı emosional durumunda baş verən halları başqaları analiz etdiyi kimi deyil, insan özü daxilində təhlil edir. Sanki daxildə bir 'vicdan məhkəməsi' qurulur və həmin məhkəmədə 'Haqlıyam?', 'Həqiqətənmi bu addımı yanlış atmışam?' kimi suallar səslənir. İnsan doğru cavabı ilk olaraq özündə tapmaq istəyir. Bəzən isə görür ki, düşüncələrini başqaları analiz etdikdə ondan gözlədiyi cavabı ala bilmir. Bu isə gənclər arasında təbii olaraq müəyyən xaotik mübahisələrə gətirib çıxara bilir. Çünki gənclər verdikləri qərarları, dedikləri sözləri və başqalarının onlar haqqında nə düşündüyünü analiz edərək özlərində müəyyən faktları üzə çıxarırlar. Daxili empatiya vasitəsilə özlərinə bir rahatlıq qazandırırlar. Bəzən isə özlərini tənqid edirlər və bu tənqid qeyri-müəyyənlik yaratdığı üçün məsələ böyüyür, nəticədə psixoloqa müraciət olunur. Bu müraciət təkcə qadın-kişi münasibətləri və ya konkret situasiyalarla bağlı olmur”.


Psixoloq əlavə edib ki, bəzi hallarda gənc özünə sual verir:


“'Mən özümlə bacara bilmirəm. Hər sözü düşünürəm, hər sözü analiz edirəm'. Bu isə gün ərzində həm vaxtını alır, həm də sanki ömründən aparır. Sabah açılır və o, yenə də qeyri-müəyyən bir vəziyyətdə qalır. Bu qeyri-müəyyənliyin əsas səbəbi çox zaman insanın özünü tanımağa çalışması ilə bağlı olur. Çünki insan özünü tanımadığı halda, başqasının da onu tanımasına icazə vermək istəmir. Kənardan səni tanıyan insan sənin daxilini, şüurunu və şüuraltını tam bilmir. Şüur nədir? Hansı sualların cavabını verir? Şüuraltı nədir? Şüuraltı sanki şüurun bir davamıdır. Əgər şüur beynə bir komanda verirsə — məsələn, 'qazlı su içəndə ürəyim bulanır, başım gicəllənir' kimi bir proqramlaşdırma yaradırsa — şüuraltı bunu təsdiq edir. Sonra hər hansı bir məclisdə qazlı suyu gördükdə həmin hisslər avtomatik olaraq ortaya çıxır. Sanki beyin yenidən komanda verir.
Düşüncələr də bu cür formalaşır. İnsan düşüncələrini analiz etdikcə şüuraltının şüura təsir edəcək məqamlarının qarşısını almağa çalışır. Bu proses bəzən elə bir vəziyyətə bənzəyir ki, ana hara gedirsə, onun arxasınca gedən körpə uşaq qəfil gördüyü kiçik bir topun arxasınca qaçmaq istəyir. Bu hallar uzun müddət davam etdikdə bəzən psixoloji sindromlara, özünəqapanmaya və depressiyaya səbəb ola bilər. Hətta 'maskalı depressiya' halları da yarana bilər. İnsanın üzü gülsə də, daxilindəki qeyri-müəyyənliyi sonadək analiz edib bitirə bilmədiyi üçün daxili əzab və sıxıntı yaşayır”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ