Yeni gizli proqram telefonları hədəf alır - XƏBƏRDARLIQ

Son dövrdə həm “Android”, həm də “iOS” cihazlarını hədəf alan “ZeroDayRAT” adlı yeni casus proqram istifadəçilər üçün böyük təhlükə yaradıb. Proqram “Telegram” üzərindən açıq şəkildə satılır və texniki bilik tələb etmədən hər kəsin istifadəsinə uyğundur.
Sfera.az xəbər verir ki, mütəxəssislər bildirib ki, “ZeroDayRAT” cihazlara tam giriş imkanı verərək aparat xüsusiyyətlərindən, batareya vəziyyətinə qədər məlumatları toplaya bilir. Proqram eyni zamanda GPS vasitəsilə izləmə, “WhatsApp” və digər tətbiqlərdən bildirişləri ələ keçirmə, SMS və OTP kodlarını oğurlama imkanına malikdir.
Casus proqram həmçinin kriptovalyutaları boşaltmaq, bank giriş məlumatlarını oğurlamaq və cihazın kamerası və mikrofonu vasitəsilə gizli görüntü və səs əldə etmək üçün hazırlanmış modullara sahibdir. Ekspertlər istifadəçiləri xəbərdar edir ki, bu cür hücumlar əvvəllər yalnız dövlət dəstəyi olan qrupların edə bildiyi əməliyyatlar idi, indi isə “Telegram” hesabı olan hər kəs tərəfindən həyata keçirilə bilər. Təhlükəsizlik üçün bir sıra tövsiyələr olunub.
Məsələn, maməlum göndərənlərdən gələn linklərə klik etməyin. E-maillərdə gələn əlavə faylları açarkən ehtiyatlı olun. “Google Play” və “App Store” xaricində tətbiqlər yükləməyin.
Bəsti Rəfizadə
Sfera.az
