"iPhone" işlədənlərə şad xəbər - YENİLİK

“Apple” bu yaz yayımlanması planlaşdırılan iOS 26.4 yeniləməsi ilə səsli köməkçisi “Siri”ni köklü şəkildə yeniləməyə hazırlaşır. Şirkət bu addımla “Siri”ni daha ağıllı, kontekstual və istifadəçi ehtiyaclarını dərinliklə anlayan bir asistana çevirməyi hədəfləyib.
Sfera.az xəbər verir ki, şirkətdən yayılan məlumatlara əsasən, son yeniləmə ilə “Siri” mövcud öyrənmə əsaslı sistemdən imtina edərək LLM (Böyük Dil Modelləri) üzərində qurulan yeni bir növə keçəcək. Bu dəyişiklik “Siri”yə təkcə əmrləri icra etmək deyil, həm də istifadəçinin niyyətini anlayaraq məntiqi qərarlar vermək imkanı yaradacaq. iOS 26.4-də “Siri”yə əlavə edilən “şəxsi kontekst” funksiyası e-poçtlar, mesajlar və sənədlər üzərindən məlumatları analiz edərək istifadəçiyə fərdi köməkçi kimi xidmət göstərəcək.
Məsələn, “Ötən həftə göndərilən faylları tap” kimi mürəkkəb sorğular qısa müddətdə cavablandırılacaq. Bundan başqa, “ekran fərqindəliyi” xüsusiyyəti sayəsində “Siri” istifadəçinin həmin anda ekranda gördüyü məzmunu anlayaraq uyğun hərəkətlər edə biləcək. “Apple”, “Siri”nin imkanlarını genişləndirmək üçün öz süni intellekt modelləri ilə yanaşı, “Google” ilə strateji əməkdaşlıq çərçivəsində “Gemini” texnologiyasından da yararlanacaq. Şirkət istifadəçi məlumatlarının təhlükəsizliyinin isə “Xüsusi Bulud Hesablama” (Private Cloud Computing) infrastrukturu ilə qorunacağını vurğulayıb. Yeni “Siri”, tətbiqlər arasında fayl ötürülməsi, fotoların redaktə olunaraq göndərilməsi kimi çoxmərhələli əməliyyatları problemsiz şəkildə həyata keçirə biləcək.
“Apple”ın Proqram Mühəndisliyi üzrə rəhbəri Kreyq Federiqhi, avqust ayında keçirilən daxili iclasda “Siri”nin tamamilə yenidən qurulduğunu və bu yeniləmənin ilkin planlardan daha geniş miqyaslı olduğunu açıqlayıb.
Qeyd olunub ki, iOS 26.4 “Siri”nin tam transformasiyası üçün yalnız başlanğıcdır. “Apple”ın əsas hədəfi iOS 27 yeniləməsi ilə “Siri”ni “ChatGPT” və “Claude” kimi inkişaf etmiş söhbət botları səviyyəsinə çatdırmaq və qarşılıqlı dialoq imkanlarını genişləndirməkdir.
Bəsti Rəfizadə
Sfera.az
